ELM VƏ TƏHSİL
Azərbaycan alimlərinin məruzələri beynəlxalq jurnalda dərc ediləcək
Bakı, 27 oktyabr, AZƏRTAC
Moskva vilayətinin Zveniqorod şəhərində akademik V.İpatyevin xatirəsinə həsr edilmiş “Neft-kimya sahəsində aktual problemlər” mövzusunda növbəti konfrans keçirilib.
Konfransda Azərbaycan Milli Elmlər Akademiyasının akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşları – texnika elmləri doktoru Səadət Əsgərzadə və kimya elmləri doktoru Reyhan Əliyeva mövzuya dair məruzələrlə çıxış ediblər.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, Azərbaycan alimlərinin məruzələri yüksək səviyyədə qəbul edilib və “Nefteximiya” jurnalında dərc olunması təklif edilib.
Rusiya Federasiyası, Qazaxıstan və Belarusun tanınmış alimlərinin iştirak etdikləri tədbirdə R.Əliyeva “Neft-kimya sintezi prosesləri və katalizatorları” seksiyasına sədrlik edib. Konfransda sənaye müəssisələrinin, o cümlədən “Sibur”, “VNİPİneft”dən olan nümayəndələrin və həmçinin gənc tədqiqatçıların işlərinə xüsusi diqqət ayrılıb.
Konfrans çərçivəsində Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşları xarici alimlər və sənaye işçiləri ilə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıblar.