ELM VƏ TƏHSİL
Azərbaycan arxeoloqları Başqırdıstanda tədqiqat aparacaqlar
Bakı, 6 dekabr, AZƏRTAC
AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru professor Abbas Seyidov Rusiya Federasiyasının Başqırdıstan Respublikasının paytaxtı Ufada keçirilən beynəlxalq elmi-praktik konfransda məruzə ilə çıxış edib. Tədbirdə Rusiya, Özbəkistan, Azərbaycan, Qazaxıstan və Monqolustandan alimlər iştirak ediblər.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, konfrans iştirakçıları öncə Ufa şəhərindən təxminən 400 km aralıda ibtidai insan məskəni olan məşhur Şulqan-Taş mağarasında və orada bu ilin iyul ayında açılmış müasir tipli muzeydə olublar. Mağaranın içərisinə uzanan yolların uzunluğu 3 km-dən artıqdır. Şulqan çayı mağaranın altından keçərək, onun giriş hissəsində yenidən üzə çıxır.
Qonaqlar Başqırdıstanın Milli Tarix Muzeyində, Arxeologiya və Etnoqrafiya Muzeyində saxlanılan qiymətli əşyalarla, xüsusən Sarmat dövrünün qızıl əşyaları ilə tanış olub, Salavat Yulayevin abidəsini ziyarət ediblər.
A.Seyidov üzəri əl işi ilə bəzədilən Azərbaycan Respublikasının Dövlət Bayrağının kiçik maketini konfransın təşkilatçılarına hədiyyə edib, Ufa televiziyasına, Başqırdıstanın müxtəlif informasiya agentliklərinə müsahibə verib.
Tədbir çərçivəsində Başqırdıstan arxeoloqlarının Azərbaycanda, Azərbaycan arxeoloqlarının isə Başqırdıstanda tədqiqat aparması üçün ilkin razılığa gəlinib.