Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“Azərbaycan avtomobil yolları – 100 il (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı haqqında ƏSASNAMƏ

Azərbaycan Respublikasının
2018-ci il 23 fevral tarixli
Qanunu ilə təsdiq edilmişdir

 

Maddə 1. Təltif edilən şəxslər

“Azərbaycan avtomobil yolları - 100 il (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə Azərbaycan avtomobil yolları infrastrukturunun inkişafında xüsusi xidmətləri olan, yol təsərrüfatı orqanlarında vəzifələrini nümunəvi yerinə yetirən, avtomobil yollarının, körpülərin, tunellərin və digər yol qurğularının tikintisində yüksək nəticələr əldə edən işçilər, veteranlar, habelə avtomobil yollarının bərpası və təmiri sahəsində yüksək xidmətləri olan şəxslər təltif edilirlər.

Maddə 2. Təltif edən orqan

“Azərbaycan avtomobil yolları - 100 il (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxsləri müvafiq icra hakimiyyəti orqanı təltif edir.

Maddə 3. Taxılma qaydası

“Azərbaycan avtomobil yolları - 100 il (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin