MƏDƏNİYYƏT
Azərbaycan başqırdıstanlı fotorəssamın gözü ilə
Bakı, 13 oktyabr, AZƏRTAC
Oktyabrın 13-də “NUR Art House” qalereyasında tanınmış rusiyalı fotorəssam və jurnalist Svetlana Komkovanın “Azərbaycan, sən məni səsləyirsən” adlı fərdi fotosərgisi keçirilib.
AZƏRTAC xəbər verir ki, sərgi S.Komkovanın Azərbaycanın görməli yerləri, insanları, təbiəti ilə beşgünlük tanışlığın nəticəsidir.
Rəssam qeyd edib ki, Azərbaycanda olmağı həmişə arzulayıb və onun bu istəyi Rusiya Fotorəssamlar İttifaqının Rusiya Federasiyası Başqırdıstan Respublikasının Ufa şəhərindəki regional şöbəsi ilə Azərbaycan Fotoqraflar Birliyinin əməkdaşlığı sayəsində həyata keçib. Müəllif ölkəmizin müxtəlif yerlərində olub, Azərbaycanın nadir mədəniyyətini fotoşəkillər vasitəsilə tamaşaçıya çatdırıb.
Fotoşəkillərdə ölkənin müxtəlif guşələrinin sakinləri, onların məişəti, həyat tərzi, adət və ənənələri təcəssüm etdirilib. Ekspozisiya böyük maraqla qarşılanıb.