SİYASƏT


Azərbaycan diasporu möhkəm yumruq kimi birləşib

Azərbaycan diasporu möhkəm yumruq kimi birləşib

Bakı, 5 dekabr, Vüqar Seyidov, AZƏRTAC

Ötən həftə Fransa parlamentinin Aşağı Palatası tərəfindən Azərbaycan əleyhinə qətnamə qəbul edilməsi ilə yadda qaldı. Bu qətnamənin qəbul edilməsi haqqında xəbər əslən Azərbaycandan olan çoxsaylı insanların hiddətlənərək Paris küçələrinə çıxmasına səbəb oldu.

AZƏRTAC bu barədə məlumat vermişdi. Qətnamənin qərəzli mahiyyəti barədə çox danışılıb, ona görə də həmin sənədin məzmununu təkrarən təhlil etmək, onun cəfəng yalanlarla dolu olmasına yenidən diqqəti cəlb etmək fikrində deyilik. Əsas diqqəti başqa məqama - Azərbaycan diasporunun fəallığının artmasına yönəldəcəyik.

Xarici mətbuatda, qanunverici orqanların sənədləri arasında və müxtəlif siyasətçilərin çıxışlarında buna oxşar “namə”lər əvvəllər də olub. Hətta münaqişənin ilk illərində istər okeanın o tayında, istərsə də Köhnə Dünyada qanunvericilər, KİV redaksiyaları, ayrı-ayrı siyasətçilər erməni sponsorların səxavətlə verdiyi pulların əvəzini çıxmaq üçün canfəşanlıq göstərir, bir-birindən bərk qışqırmağa çalışırdılar. Məsələn, təcavüz qurbanının gözümçıxdıya salınmasını və təcavüzkarın təşviq edilməsini nəzərdə tutan ABŞ Konqresinin bədnam 907-ci düzəlişini yada salmaq kifayətdir. Belə hücumlar sonrakı onilliklərdə də baş verirdi. Bəs onları fərqləndirən cəhət nədən ibarət idi?

Onları fərqləndirən - xaricdə yaşayan azərbaycanlıların get-gedə artan reaksiyası idi. İllər, onilliklər keçdikcə bizim diasporun hiddətlənməsini bildirən səslər daha ucadan eşidilirdi. O vaxtdan küçələrə çıxan insanların sayı get-gedə artır. Çünki Azərbaycan əleyhinə sənədlər qəbul edilməsi konveyeri dayanmayıb, ikili standartlar virusuna yoluxanların, ermənilərin hədiyyələrinə şirniklənənlərin sağalması hələ çox çəkəcək. Odur ki, Avropada, ABŞ-da, dünyanın islamofobiya və türkofobiya hökm sürən başqa guşələrində belə sənədlər hələ uzun müddət yaranacaq. Onların qəbul edilməsi yalnız hədər yerə sərf edilən kağıza görə təəssüf hissi doğurur.

Azərbaycan diasporunun məqsədi tamam başqadır – bizim sarsılmaz ruhumuzu və öz gözündə tiri görməyib başqasının gözündə çöp axtarmaq kimi qeyri-sağlam vərdişə nifrəti bütün dünyaya göstərmək, bizim mövqeyimizin möhkəmliyini, xalq ilə bu xalqın seçdiyi iqtidarın birliyini, dünyanın istənilən guşəsində azərbaycanlıların həmrəyliyini nümayiş etdirməkdir. Bizim iradəmizi qıra, bizi natamamlıq kompleksindən əziyyət çəkməyə məcbur edə bilməyəcəklər. Bizim işimiz haqq işidir, biz öz prinsiplərimizdən geri çəkilməyəcəyik!

Xarici ölkələrin paytaxt küçələrində keyfiyyət və kəmiyyət baxımından artan kütləvi aksiyaların məqsədi budur!

Mən, hələ Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən əvvəl diaspor hərəkatının yaranmasının, Azərbaycan diasporunun təşəkkülünün müasiri və canlı şahidi kimi bu gün inamla deyə bilərəm ki, xaricdə yaşayan həmvətənlərimiz sadəcə çoxsaylı insanlardan ibarət kütlə şəklində deyil, əfsanəvi “Dəmir yumruq” ilə birlikdə həm regionda, həm də onun hüdudlarından uzaqlarda olan düşmənlərimizə Azərbaycan xalqının dönməzliyini və qətiyyətini, onun sarsılmaz birliyini və haqlı mövqeyini göstərməyə qabil olan yumruq kimi birləşib!

Şübhəsiz, Azərbaycan diasporunun bu mesajı ünvan sahiblərinə – Fransa parlamentinin deputatlarına və onların şəxsində dünyanın bütün başqa yerlərindəki erməni lobbiçilərinə çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.