İQTİSADİYYAT
Azərbaycan dünya iqtisadiyyatına böyük töhfələr verir - Açıqlama



Bakı, 5 iyun, AZƏRTAC
Azərbaycan dünya iqtisadiyyatına bir çox sahələrdə böyük töhfələr verir. Bir çox ölkələrin öz iqtisadi dividendlərini əldə etmək üçün məsuliyyətsiz şəkildə dünya sərvətlərini taladığı bir dövrdə Azərbaycanın beynəlmiləl şüura yiyələnən iqtisadi modeli dünya tərəfindən də cəlbedici qarşılanır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri Tural İsmayılov deyib.
Onun sözlərinə görə, Azərbaycan külək, günəş enerjisi kimi alternativ enerji mənbələrində də öz potensialını ortaya qoyub və bu gün Azərbaycanın təkcə enerji məhsulları üzrə deyil, bərpaolunan enerji məhsulları üzrə potensialı ərəb dünyasından Avropaya qədər çox böyük coğrafi məkanlarda rəğbətlə qarşılanır: “ABŞ Prezidenti Cozef Bayden Azərbaycan lideri İlham Əliyevə göndərdiyi məktubda Azərbaycanın dünyəvi ekoloji məsuliyyət şüurunu yüksək dəyərləndirdiyini vurğulayıb. Heç şübhəsiz ki, Azərbaycanın təşəbbüskarı olduğu və həyata keçirilən Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz boru xətti, eyni zamanda, Bakı-Tbilisi–Qars dəmir yolu layihələri bu günədək Azərbaycanın dünya logistika-kommunikasiya iqtisadi proseslərinə ən böyük töhfələrindən biridir. Həmçinin Cənub Qaz Dəhlizi layihəsi və əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş çox önəmli layihələr Azərbaycanın dünyaya bəxş etdiyi önəmli iqtisadi fenomenlər idi”.
Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri onu da xatırladıb ki, Prezident İlham Əliyevin təqribən 7 il əvvəl imzaladığı qeyri-neft məhsullarının “Made in Azerbaijan” adı altında xarici bazarlarda genişmiqyaslı təbliğini nəzərdə tutan Fərmanı Azərbaycan brendi olaraq artıq dünyanın bir sıra ölkələrində müxtəlif sahələrdə geniş təmsil olunur.
Hazırda bu brend altında minlərlə məhsulumuz xaricdə tanıdılır. İşğaldan azad edilmiş ərazilərin potensialı onu deməyə əsas verir ki, Azərbaycanın dünya iqtisadiyyatına töhfələri bir çox fərqli sahələr üzrə davam edəcək.