İQTİSADİYYAT
Azərbaycan ilə BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı arasında əməkdaşlıq imkanları müzakirə olunub
Bakı, 24 oktyabr, AZƏRTAC
Oktyabrın 24-də İqtisadiyyat Nazirliyi və BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) birgə təşkilatçılığı ilə "Beynəlxalq investisiya siyasəti: irəliyə doğru" mövzusunda keçirilən beynəlxalq investisiya konfransında Azərbaycan ilə UNSTAD arasında əməkdaşlıq imkanları müzakirə olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə 11 xarici ölkənin dövlət qurumlarının, beynəlxalq təşkilatların, o cümlədən UNCTAD, Avropa Komissiyası, Beynəlxalq Əmək Təşkilatı və Enerji Xartiyası Katibliyinin təmsilçiləri, xarici universitetlərdən nümayəndələr və iş adamları iştirak edir. Azərbaycan tərəfdən konfransa böyük maraq göstərilib və tədbirə müxtəlif dövlət qurumlarının, bir sıra universitet və özəl şirkətləri təmsil edən 40-a yaxın nümayəndə qatılıb.
İqtisadiyyat nazirinin müavini Sahil Babayev Azərbaycan və UNCTAD arasında əlaqələrin əhəmiyyəti, eləcə də gələcək əməkdaşlıq imkanları barədə məlumat verib. Qeyd edilib ki, iki gün davam edəcək konfransın mövzusu aktualdır və bir sıra əhəmiyyətli sahələr, o cümlədən beynəlxalq investisiya siyasətində son yeniliklər, beynəlxalq və regional investisiya sazişləri, investisiya mübahisələrinin həlli və investisiya siyasətində ən yaxşı təcrübələr mövzuları ətrafında müzakirələr aparılacaq.
Azərbaycan iqtisadiyyatı, ölkəmizin investisiya siyasəti və bu sahədə həyata keçirilən hüquqi və institusional islahatları diqqətə çatdıran nazir müavini konfransın investisiyalar sahəsində fikir mübadiləsinin aparılması, yeniliklərin öyrənilməsi və təcrübə mübadiləsi baxımından önəmini vurğulayıb. Bildirilib ki, Azərbaycanda yaradılmış siyasi və iqtisadi sabitlik, biznesə başlamaq üçün prosedurların sadəliyi, investorların hüquqlarının etibarlı qorunması, əlverişli coğrafi mövqe Azərbaycanı xarici investisiyalar üçün cəlbedici ölkəyə çevirib. "1995-ci ildən indiyədək Azərbaycan iqtisadiyyatına 233,5 milyard ABŞ dolları həcmində investisiya qoyulub ki, bunun 111 milyard ABŞ dollarını xarici investisiyalar təşkil edir", - deyə nazir müavini qeyd edib.
UNCTAD-ın İnvestisiya Siyasəti Departamentinin rəhbəri Corc Veber çıxışında təmsil etdiyi qurumun fəaliyyəti və müvafiq sahədə görülən tədbirlər barədə məlumat verib.
Sonra beynəlxalq investisiya siyasətinin müxtəlif istiqamətləri üzrə sessiyalar - "Beynəlxalq investisiya siyasəti sahəsində son yeniliklər və əsas problemlər", "Beynəlxalq investisiya sazişləri rejimində islahatlar: səbəblər və həlli yolları" və "İri regional investisiya sazişləri: bölgə üçün təsirləri" keçirilib, beynəlxalq ekspertlərin mövzulara dair məruzələri dinlənilib, müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.