SİYASƏT


Azərbaycan ilə Bolqarıstan arasında əlaqələrin inkişaf perspektivləri müzakirə olunub

Bakı, 24 iyun, AZƏRTAC

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Bolqarıstanın Baş Nazirinin müavini və Xarici İşlər naziri Yekaterina Zaxaryeva ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə nazirlər iki ölkə arasında bir çox sahələr üzrə mövcud olan qarşılıqlı faydalı əməkdaşlıq məsələlərini müzakirə edib və əlaqələrin cari vəziyyətindən məmnunluq bildiriblər.

Nazir Elmar Məmmədyarov 2015-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstana səfəri zamanı imzalanan strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin ikitərəfli əlaqələrin inkişaf etdirilməsi baxımından başlıca konseptual sənəd olduğunu qeyd edib, son illər ərzində bu sənədin yerinə yetirilməsi istiqamətində xeyli iş görüldüyünü bildirib. Eyni zamanda, ölkələrimiz arasında ticarət dövriyyəsinin həcminin strateji əməkdaşlığımızın potensialına uyğun gəlmədiyini söyləyən nazir bu xüsusda tərəflərin birgə addımları nəzərdən keçirilməli olduğunu söyləyib.

Görüş zamanı Elmar Məmmədyarov Bolqarıstandan olan həmkarına Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən mühüm infrastruktur, enerji və nəqliyyat layihələri haqqında məlumat verib. O, Bolqarıstanın “Cənub Qaz Dəhlizi” layihəsi çərçivəsində Yunanıstan–Bolqarıstan interkonnektoru vasitəsilə yaradılan bu şəbəkəyə qoşulmasını təqdirəlayiq hal kimi dəyərləndirib.

Azərbaycanlı həmkarının ötən ilin oktyabrında Bolqarıstana səfərini məmnunluqla xatırlayan nazir Yekaterina Zaxaryeva iki ölkə arasında mövcud olan strateji tərəfdaşlıq münasibətlərinin əhəmiyyətini vurğulayıb. O, Cənub Qaz Dəhlizi çərçivəsində inkişaf etdirilən layihələrin Bolqarıstan üçün ümdə əhəmiyyət kəsb etdiyini və ölkəsinin digər qonşu ölkələrlə mövcud və tikilməkdə olan interkonnektorlar vasitəsilə Balkan regionunda enerji tranziti üzrə mərkəz qismində çıxış etmək niyyətinə olduğunu bildirib.

Söhbət zamanı ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi baxımından Şərq-Qərb və Cənub-Qərb nəqliyyat dəhlizləri, o cümlədən onların mühüm elementi olan Bakı–Tbilisi–Qars dəmir yolu, habelə Qara dəniz üzərindən bərə əlaqəsinin yaratdığı əlverişli perspektivlər barədə fikir mübadiləsi aparılıb.

Eyni zamanda, Bakı–Sofiya istiqamətində birbaşa hava reyslərinin iki ölkə arasında turizm mübadilələrinin artırılmasına səbəb olduğu qeyd edilərək, bu istiqamətdə əlavə dinamikaya təkan verilməsi üzrə atıla biləcək addımlar müzakirə edilib.

ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesi haqqında danışan Elmar Məmmədyarov münaqişənin beynəlxalq hüququn prinsipləri və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həllinin zəruriliyini bildirib. Bu xüsusda, Bolqarıstanın Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə davamlı dəstək mövqeyi məmnuniyyətlə qeyd edilib.

Tərəflər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində ənənəvi əməkdaşlığın və qarşılıqlı əsasda dəstək göstərilməsinin perspektivləri üzərində dayanaraq, bu istiqamətdə də səylərin əlaqələndirilməsinə sadiq qalacaqlarını bildiriblər.

Görüşdən sonra tərəflər birgə mətbuat konfransı keçiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.