MƏDƏNİYYƏT
Azərbaycan ilə Türkmənistan arasında mədəni əlaqələrin perspektivləri müzakirə edilib
Bakı, 12 fevral, AZƏRTAC
Mədəniyyət naziri Anar Kərimov Türkmənistanın ölkəmizdəki səfiri Mekan İşanquliyev ilə görüşüb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Anar Kərimov qədim tarixi əlaqələrə, oxşar mədəniyyətə və adət-ənənələrə malik iki qardaş xalq arasında əsrlərdən bəri dostluq və əməkdaşlığın olduğunu vurğulayıb, Azərbaycan-Türkmənistan mədəni əlaqələrinin inkişafından məmnunluğunu ifadə edib.
Söhbət zamanı “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Respublikası Hökuməti arasında 2019-2021-ci illər üçün elm, təhsil, mədəniyyət və incəsənət sahəsində Əməkdaşlıq Proqramı”na toxunulub, iki ölkənin mədəni əlaqələrinin perspektivləri müzakirə edilib, həmçinin həyata keçirilə biləcək birgə layihələr barədə fikir mübadiləsi aparılıb.
Türkmənistan səfiri Mekan İşanquliyev səmimi qəbula görə təşəkkürünü bildirərək mədəniyyət sahəsində əməkdaşlığı möhkəmləndirmək üçün geniş potensialın olduğunu qeyd edib. Diplomat bu məqsədlə pandemiyadan sonrakı dövr üçün qarşılıqlı kino günlərinin, qastrol səfərlərinin təşkili və birgə tədbirlərin həyata keçirilməsinin vacibliyini diqqətə çatdırıb.
Görüşdə Azərbaycan və Türkmənistanın UNESCO və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının əhəmiyyəti qeyd edilib, qarşılıqlı maraq doğuran digər məsələlərə dair müzakirələr aparılıb.