SİYASƏT


Azərbaycan mülki əhalisinin təhlükəsizliyi məqsədilə istənilən hədəfi məhv etmək hüququna malikdir

Bakı, 15 oktyabr, Səadət Hakıyeva, AZƏRTAC

Azərbaycan 30 ildən artıqdır ki, təcavüzkar qonşusu Ermənistan tərəfindən mütəmadi olaraq təxribatlara məruz qalır. İşğalçı Ermənistan ölkəmizin ərazisinin 20 faizini işğal etməklə kifayətlənməyərək, “yeni ərazilər üçün yeni müharibə” xülyasına düşmüşdü. Bədnam və faşist ideologiyasına xidmət edən Ermənistan cəbhəyanı ərazilərdə, təmas xəttində yeni-yeni təxribatlar törədirdi. Bunun bir sonu olmalı idi.

Sentyabrın 27-də Ermənistan tərəfindən növbəti hərbi təxribatının cavabı layiqincə verildi. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin əmri ilə əks-hücum əməliyyatlarına başlayan Silahlı Qüvvələrimiz düşməni geri oturtmağa nail oldu və müzəffər ordumuz ərazilərimizi işğaldan azad edir. Xain düşmən istər cəbhədə, istərsə də diplomatiya və informasiya sahələrində Azərbaycanın üstünlüyünü həzm edə bilmir, ona görə də bütün çirkin üsullara əl atır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Elnur Allahverdiyev bildirib.

E.Allahverdiyev diqqətə çatdırıb ki, Ermənistan Azərbaycanın yaşayış məntəqələrini və mülki əhalini davamlı şəkildə hədəfə alır. Ermənistan ordusunun həm Dağlıq Qarabağda yerləşdirilmiş, həm də öz ərazisində olan hərbi birləşmələri Azərbaycanın Gəncə, Mingəçevir şəhərlərini, Ağdam, Tərtər, Bərdə, Füzuli, Beyləqan və digər rayonlarını atəşə tutur. Ermənistanın beynəlxalq norma və prinsipləri pozaraq mülki əhalini hədəfə alması nəticəsində indiyədək 43 dinc sakin həlak olub, 218 nəfər yaralanıb. Ermənistanın öz ərazisindən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəni “SCUD” raketi ilə vurması nəticəsində 10 dinc sakin həlak olub, 34 nəfər yaralanıb. Bu, açıq-aşkar terror aktıdır və beynəlxalq təşkilatlar təcavüzkar ölkənin bu hərəkətlərinə qiymət verməlidir. Humanitar atəşkəs dövründə bu hadisənin törədilməsi yolverilməzdir və dünya ictimaiyyəti tərəfindən pislənilməlidir. Belə olan halda, Azərbaycan mülki əhalinin təhlükəsizliyinə təhdid yaradan istənilən hədəfi məhv etmək hüququna malikdir və bu hüquqdan istifadə edir. Azərbaycan Ordusu yalnız hərbi hədəfləri vurur, heç vaxt mülki şəxsləri, tarixi və ya dini obyektləri hədəfə almır.

Deputat Ermənistan tərəfindən muzdluların döyüşlərə cəlb edilməsindən də danışıb. Bildirib ki, Ermənistanın rəsmi şəxsləri açıq şəkildə müraciət edərək, xarici ölkə vətəndaşlarını könüllü adı altında muzdlular kimi Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak etmək üçün cəlb edirlər. Onlar bunun üçün hətta “qanunvericilik”də də dəyişiklik edirlər. Dağlıq Qarabağdakı qondarma rejimin başçısı Araik Arutyunyanın “Müdafiə haqqında” qanuna “dəyişikliklər” etməsi barədə təşəbbüsü əsasında xarici muzdluların Ermənistan ordusunun sıralarında iştirakı qanuniləşdirilib. Onlar bununla beynəlxalq hüququn norma və prinsiplərini açıq şəkildə pozurlar.

E.Allahverdiyevin sözlərinə görə, istər cəbhədə, istərsə də danışıqlar prosesində tam məğlubiyyətə uğrayan Ermənistan atəşkəs rejimini pozmaqda maraqlı idi və onun sonrakı davranışları da bunu bilavasitə təsdiq edir. Deputat qeyd edib ki, Azərbaycan dini tolerantlıq səviyyəsi çox yüksək olan ölkədir və biz bunu həmişə təsdiq etmişik. “Bakının mərkəzində erməni kilsəsi bərpa olunub. Bu kilsədə erməni dilində 5 mindən çox qədim kitab saxlanılır. Ermənistan isə işğal olunmuş ərazilərdə məscidləri dağıdıb, orada heyvan saxlanılır və bütün dünya müsəlmanları təhqir edilir. Azərbaycan dövləti və ictimaiyyəti hər zaman humanistliyini və mədəni dəyərlərə sadiqliyini nümayiş etdirib və etdirəcək”, - deyə o qeyd edib.

Elnur Allahverdiyev deyib: “Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev ermənilərin məkrli planını puç edir. İki yüz ildir təşkilatlanan “dənizdən-dənizə” ideologiyasını həyata keçirməyə çalışan ermənilərin xülyalarını sabun köpüyünə çevirir. Prezident İlham Əliyev Cənubi Qafqaz regionundakı siyasi düzəni dəyişəcək kimi çətin vəzifəni üzərinə götürüb. Biz qalib gələcəyik. Çünki bizim işimiz haqq işidir. Qarabağ Azərbaycandır!”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.