CƏMİYYƏT


Azərbaycan multikulturalizmi Rumıniyada tədris olunacaq

Bakı, 16 may, AZƏRTAC

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin “Azərbaycan multikulturalizmi” fənninin yerli və xarici ölkə universitetlərində tədrisi layihəsi uğurla davam edir. Hazırda bu layihə çərçivəsində respublikamızın 38, dünyanın 20 aparıcı universitetində “Azərbaycan multikulturalizmi” fənni tədris olunur. Xatırladaq ki, BBMM-in Himayəçilər Şurasının sədri, akademik Kamal Abdullayevin ideya və təşəbbüsü ilə “Multikulturalizmə giriş” və “Azərbaycan multikulturalizmi” fənləri üzrə tədris proqramları Təhsil Nazirliyində təsdiq olunduqdan sonra, sözügedən layihəyə start verilib. Artıq fənnin tədrisində xeyli müsbət təcrübə əldə olunub. Azərbaycan dili ilə yanaşı, ingilis dilində də nəşr olunan “Azərbaycan multikulturalizmi” dərsliyinin istifadəsi tədrisin keyfiyyətinin daha da yüksəlməsinə imkan yaradıb.

Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, yeni dərs ilindən etibarən “Azərbaycan multikulturalizmi”nin tədris olunduğu xarici universitetlər sırasına Rumıniyanın Aleksandru İoan Kuza Universitetinin adı da əlavə olunacaq. Artıq BBMM ilə universitet rəhbərliyi arasında razılaşma da əldə olunub. Bu fənni filologiya elmləri doktoru Lyudmila Bejenaru tədris edəcək. Onu da əlavə edək ki, BBMM-in sayca 9-cu filialının Rumıniyada açılması planlaşdırılır. Lyudmila Bejenaru, eyni zamanda, BBMM-in Rumıniya filialına rəhbərliyi həyata keçirəcək.

Xatırladaq ki, Azərbaycanın multikulturalizm modeli ilə bağlı dərslər Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə xarici ölkə universitetləri arasında əldə edilən razılaşma əsasında keçirilir. Dərslər üçün qeydiyyatdan keçən tələbələr arasında gələcəkdə ölkəmizdə təhsil almaq, iş qurmaq, həmçinin öz universitetlərində Azərbaycanla bağlı fənn tədris etmək istəyən və bu məqsədlə mədəniyyətimiz, tariximiz, ədəbiyyatımız, habelə multikultural vəziyyətlə bağlı biliklərə yiyələnmək istəyənlər çoxluq təşkil edir. Seçilən tələbələr həm də Azərbaycanda qış və yay məktəblərində iştirak etmək üçün şans qazanırlar. Bu da öz növbəsində, tələbələrə stimul verən amillərdən biridir. Göründüyü kimi, Prezident İlham Əliyevin “Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq” təşəbbüsünün real həllini tapması məqsədilə BBMM-in apardığı ardıcıl və məqsədyönlü iş öz yüksək nəticəsini verməkdədir. Artıq xaricdə “Azərbaycan multikulturalizmi” fənninin tədrisi daha geniş coğrafiyanı əhatə etməklə bərabər, öz təsir dairəsi və gücünü də artırmaqdadır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.