CƏMİYYƏT
Azərbaycan nümayəndələri Sarayevoda mükafatlarla təltif ediliblər
Sarayevo, 6 iyul, AZƏRTAC
Sarayevo şəhərində Bosniya və Herseqovinada fəaliyyət göstərən və bu ölkədə, eləcə də Şərqi və Mərkəzi Avropada öz sahələri üzrə ilin ən bacarıqlı menecerlərini seçən Regional Agentlik tərəfindən mükafatların təqdim edilməsi mərasimi keçirilib.
Mükafat alanlar sırasında Bolqarıstanın Baş naziri Boyko Borisov, Makedoniyanın Baş naziri Zoran Zaev, Serbiyanın Baş nazirinin müavini, inşaat, nəqliyyat və infrastruktur naziri Zorana Mihayloviç, Xorvatiyanın maliyyə naziri Zdravko Mariç də olub.
Avropa regionundan Azərbaycan və Avropa İttifaqı arasında parlamentlərarası əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində töhfələrinə görə Azərbaycan Milli Məclisinin üzvü, Azərbaycan-Avropa İttifaqı Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev “2018-ci ilin adamı” və Qərbi Balkan regionunda, o cümlədən Serbiyada həyata keçirilən infrastruktur layihələrinə töhfələrinə görə Azərbaycanın “AzVirt” MMC şirkətinin icraçı direktoru Kamil Aliyev “İlin ən bacarıqlı meneceri və şirkəti” mükafatına layiq görülüblər.
Cavanşir Feyziyev təşkilatın nümayəndələrinə minnətdarlığını ifadə edib, Azərbaycan hökumətinin dəstəyi ilə Balkanlarda həyata keçirilən layihələr, o cümlədən Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında ölkəmizin müstəsna rolu barədə məlumat verib, habelə Azərbaycan-Bosniya və Herseqovina münasibətləri, parlamentlərarası əməkdaşlıq, iki ölkə arasında oxşarlıqlar haqqında danışıb, bu təltiflərin ölkələrimiz və xalqlarımız arasında dostluq və əməkdaşlıq münasibətlərinin mövcud olduğunu təsdiq etdiyini vurğulayıb.
1995-ci ildə Bosniya və Herseqovinanın Zenitsa şəhərində yaradılmış bu müstəqil təşkilat son iyirmi ildə bütün sahələr üzrə ən uğurlu namizədləri seçərək mükafatlarla təltif edir. Təşkilatın məqsədi dünyada bütün sahələrdə, o cümlədən incəsənət, mədəniyyət, ətraf mühit və rifahın yaxşılaşdırılması sahələrində fəaliyyət göstərən şəxsiyyətlərin tanıdılmasıdır. Əvvəlki illərdə Monteneqronun Prezidenti Filip Vuyanoviç, Xorvatiyanın sabiq Prezidenti İvo Yosipoviç, Albaniya Prezidenti Buyar Nişani, Polşanın sabiq Prezidenti Branislav Komorovski və Bolqarıstanın Prezidenti Rosen Plevneliyev də bu mükafatla təltif edilən şəxslər sırasında olublar.
Təqdimetmə mərasimində Azərbaycanın Serbiya, Monteneqro və Bosniya və Herseqovinadakı səfiri Eldar Həsənov və Bosniya və Herseqovinadakı diplomatik nümayəndəliyimizin əməkdaşları iştirak ediblər.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Sarayevo