SİYASƏT
Azərbaycan parlamentinin nümayəndə heyəti Qırğızıstana səfər edəcək
Bakı, 6 dekabr, AZƏRTAC
Dekabrın 7-də Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) Şura iclasında və təşkilatın 7-ci plenar sessiyasında iştirak etmək üçün Qırğızıstanın paytaxtı Bişkek şəhərinə səfər edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu dekabrın 6-da keçirdiyi brifinqdə məlumat verib.
Akif Təvəkküloğlu deyib ki, nümayəndə heyətinə Milli Məclisin komitə sədri Əhliman Əmiraslanov, deputatlardan Sevinc Hüseynova, İlham Əliyev, Sədaqət Vəliyeva, Ağalar Vəliyev, Cavanşir Feyziyev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir.
TÜRKPA Assambleya Şurasının iclasında qurumun fəaliyyəti ilə bağlı məsələlər, o cümlədən növbəti plenar sessiyanın gündəliyinə təklif olunan sənəd layihələri müzakirə olunacaq.
Plenar sessiyada “Parlamentin açıqlığı və şəffaflığı: qərarların qəbul edilməsində yeni texnologiyalar” mövzusunda dinləmələr keçiriləcək, bir sıra təşkilati məsələlərə baxılacaq, qurumun komissiyalarının hesabat məruzələrinə münasibət bildiriləcək.
Milli Məclisin sədri Oqtay Əsədov sessiyada çıxış edəcək.
Səfər çərçivəsində Oqtay Əsədovun tədbirdə iştirak edən nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri nəzərdə tutulub.
Səfər dekabrın 8-də başa çatacaq.