SİYASƏT
Azərbaycan qlobal siyasi dialoqda çox konstruktiv rol oynayır
Bakı, 14 iyun (AZƏRTAC). Azərbaycan qlobal siyasi dialoqda çox konstruktiv rol oynayır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıda səfərdə olan Avropa Komissiyasının sədri Joze Manuel Barrozu jurnalistlərə açıqlamasında demişdir.
Bakıda ikinci dəfə səfərdə olduğunu deyən J.M.Barrozu bildirmişdir ki, Prezident İlham Əliyevlə görüşü çox uğurlu keçmişdir. O demişdir: “Biz vacib qərarlar qəbul etdik. Onlardan biri də Avropa İttifaqı və Azərbaycan arasında yeni sazişin yekunlaşması prosesini tezləşdirməkdir. Bu, strateji müasirləşdirmə tərəfdaşlığı barədədir. Bu sənəd Azərbaycan və Aİ üçün çox vacibdir”.
Azərbaycan ilə Avropa İttifaqının artıq enerji sahəsində vacib əməkdaşlığı inkişaf etdirdiyini bildirən J.M.Barrozu demişdir: “Üç il əvvəl Prezident İlham Əliyevlə birgə “Cənub qaz dəhlizi” layihəsi üzrə işə başlamışıq. Bu, ancaq siyasi baxımdan deyil, həm də enerji təhlükəsizliyi baxımından çox vacib bir layihədir. Həm də bu gün biz şahidi oluruq ki, Azərbaycan üçün bütün Avropa proqramları açıqdır. Bu isə öz növbəsində əldə edilmiş razılaşmaların nəticəsidir. Burada bütün sahələrdə layihələr nəzərdə tutulur”. Azərbaycan ilə Aİ arasında birgə işlənilə biləcək sahələr çoxdur. Biz Azərbaycanın ən böyük ticarət tərəfdaşlarındanıq. Azərbaycanın ticarət dövriyyəsinin 42 faizi Avropa İttifaqının payına düşür. Azərbaycan ilə əməkdaşlığımız ancaq enerji sahəsini deyil, bir çox digər sahələri də əhatə edir.