MƏDƏNİYYƏT
Azərbaycan rəssamların əsərləri “Art Dubai 2015” bədii sərgisində nümayiş olunacaq
Bakı, 17 mart, AZƏRTAC
Azərbaycan rəssamlarının əsərləri “Art Dubai 2015” bədii sərgisində nümayiş olunacaq.
YAY Qalereyasından AZƏRTAC-a bildirilib ki, Rəşad Ələkbərovun və Hüseyn Haqverdinin timsalında Azərbaycan rəssamlarının əsərləri martın 18-dən 21-dək “Art Dubai 2015” sərgisində J10 stendi ilə nümayiş ediləcək.
R.Ələkbərov son illərdə dünya miqyasında incəsənət aləminin diqqətini cəlb edən görkəmli rəssamlardan biridir. Onun instalyasiya əsaslı əsərləri müəyyən formalara malik və xüsusi şəkildə yerləşdirilmiş müxtəlif, yaxud da əksinə, oxşar əşyaların zəruri bucaq altında işıqlandırıldığı zaman divara düşən kölgələrdən ibarət simvolik mənalı quraşdırmalar əsasında yaradılır. Sözügedən “kölgə əsərləri” gerçəkliyi və qavrayışı şübhə altına almaq üçün çoxsaylı dillərə və mədəni rəsmlərə əsaslanır, quraşdırma və yaradılma, işıq və qaranlıq, reallıq və qavrama arasında mövcud olan gizli əkslərin cütlüyü onun yaradıcılığının əsas hissəsini təşkil edir.
R.Ələkbərovun “Art Dubai-2015” sərgisi üçün nəzərdə tutulmuş sifarişləri “kölgə əsərləri”nin daxilində əks olunan yeni incəlikləri tədqiq etməyə imkan verəcək miqyasda hazırlanıb. Əsərlərdə ünsiyyətə xas olan fikir ayrılıqlarını təhlil etməklə, işarə və məna arasındakı əlaqəni şübhə altına almaq üçün mətndən, yazıdan və dildən istifadə olunub. Xaotik şəkildə düzülmüş obyektlər mücərrəd və təsvir arasındakı münasibət əsasında hərəkət etməklə və açıq-aşkar nəzərəçarpan nizamsızlığa bir məna qazandırmaqla, düşən kölgələri təmizləmək üçün divarı işıqlandırır.
Hüseyn Haqverdi Səngəçal neft-qaz terminalını və Bakıda yerləşən Katolik kilsəsini bəzəyən heykəltəraşlıq nümunələri ilə olduqca məşhurdur. Rəssamın yığcam üslubu onun fikrinin təbii mahiyyətini aşkar etməyə çalışan subyektlər daxilində basqın ifadələrə istiqamətlənir. H.Haqverdinin “Art Dubai-2015” sərgisi üçün nəzərdə tutulmuş əsərlərində insan əli ilə xam materialdan hazırlanmış heykəltəraşlıq nümunələri təqdim olunmaqla, təbiət aləmi ilə insan aləmi bir araya gətirilir. Həndəsi və xətti formalar totemistik heykəltəraşlıq nümunələri üzərində qırılma xətləri yaradır ki, bu isə öz növbəsində materiala güclü və təbii görüntü qazandırır. H.Haqverdi rəssam ilə maddi aləm arasında davam edən dialoqun ona təcrübə qazandırdığı qənaətindədir. Onun yaradıcılığı təbiətin və insanın sonu olmayan dəyişmə prosesini anlamağa və bu prosesdə formalizmə nail olmağa istiqamətlənir. H.Haqverdi rəngkarlıq, fotoqrafiya və video-art ilə məşğul olur, eyni zamanda onun əsərləri Avropa ölkələrində, Hindistan, Birləşmiş Ərəb Əmirlikləri və ABŞ-da təşkil olunan qrup və ya fərdi sərgilərdə nümayiş etdirilir.
YAY Qalereyası Azərbaycanın aparıcı müasir incəsənət qalereyalarından biri hesab olunmaqla yanaşı, həmçinin müxtəlif nəsillər və janrlar vasitəsilə qabaqcıl Azərbaycan rəssamlarını təmsil etməsi ilə seçilir. Qalereya “YARAT” qeyri-kommersiya təşkilatı tərəfindən 2012-ci ildə Azərbaycan incəsənəti üçün infrastrukturun dəstəklənməsi məqsədilə təsis edilib.
Bakıda yerləşən bu qalereya Fərid Rəsulov, Aida Mahmudova, Faiq Əhməd, Orxan Hüseynov və Reza Hazare kimi rəssamları son illər beynəlxalq miqyasda tanınmağa müvəffəq olub, görkəmli Azərbaycan rəssamlarının karyerası uğrunda səmərəli iş aparıb. YAY Qalereyasının sərgi proqramı əsasında dünyanın ən yenilikçi rəssamlarının əsərləri Bakıya gətirilir. Onların sırasında fransız xoreoqrafları Enni Viqye və Frank Apertetin (birlikdə “les gens d'Uterpan” kollektivi), eləcə də İran rəssamı Mahmud Baxşinin yaradıcılığına həsr olunmuş fərdi sərgilər yer alır.