SİYASƏT
Bəhreynin “The Daily Tribune” qəzetində erməni vəhşiliyi barədə məqalə dərc olunub
Qahirə, 30 oktyabr, AZƏRTAC
Bəhreyn Krallığının ingilis dilində nəşr olunan “The Daily Tribune” qəzetində Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayevin “Ermənistanın Azərbaycanın günahsız mülki insanlarına qarşı terror aktları” sərlövhəli məqaləsi dərc edilib.
AZƏRTAC xəbər verir ki, məqalədə sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatından sonra başlayan döyüşlərdə məğlub olan işğalçı ölkənin silahlı qüvvələrinin Azərbaycanın şəhər və kəndlərində dinc əhalini hədəf alması, üç dəfə əldə olunmuş humanitar atəşkəsi pozaraq Gəncə, Bərdə, Tərtər və digər yaşayış məntəqələrini ballistik raketlər və qadağan edilmiş kasetli bombalarla atəşə tutması, uşaq və qadınlar da daxil olmaqla, 90-dan çox günahsız insanı qətlə yetirməsi barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, Bərdə şəhərində mülki şəxslərin qətli soyqırımı aktı və müharibə cinayətidir.
Müəllif vurğulayıb ki, beynəlxalq ictimaiyyətin Ermənistanın bu əməllərinə biganə qalması gələcək cinayətlər üçün zəmin yaradır. Səfir beynəlxalq təşkilatları və bütün dövlətləri işğalçı ölkənin bu vəhşiliklərinə lazımi qiymət verməyə çağırıb.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə