İQTİSADİYYAT
Azərbaycan şirkəti Ukraynada ikinci dəfə tenderin qalibi olub
Bakı, 19 sentyabr, AZƏRTAC
Azərbaycanın “AZENCO” şirkəti Ukraynada ikinci dəfə tenderin qalibi olub.
AZƏRTAC xəbər verir ki, “AZENCO” şirkəti 2016-cı il sentyabrın 26-da “Ukrenerqo” Milli Enerji Şirkəti tərəfindən Ukrayna energetika sisteminin beynəlxalq standartlara uyğun səviyyədə müasirləşdirilməsi məqsədilə “Çerkassk” yarımstansiyasının yenidən qurulması” adlı tenderdə iştirak edib.
Tenderin şərtlərinə əsasən, “Çerkassk” yarımstansiyasında Açıq Tipli 330 kV-lik əsas və köməkçi avadanlıqların yenilənməsi, yeni portalların qurulması və yüksəkgərginlikli 330 kV-lik Elektrik Verilişi Xətlərinin yeni portallara birləşdirilməsi, Açıq Tipli 110 kV-lik avadanlıqların, həmçinin dayaqların demontaj olunaraq mövcud yüksəkgərginlikli xətlərin, transformatorların və avadanlıqların Qapalı Tipli 110 kV-lik avadanlıqlarla əvəz edilməsi işlərinin görülməsi tələb olunur.
Layihənin ümumi dəyəri 9. 355 532 dollar təşkil edir.
Qeyd edək ki, bu “AZENCO” ASC-nin Ukraynada qalib gəldiyi ikinci tender layihəsidir. İlk dəfə cari ilin fevralında “Ukrenerqo” Milli Enerji Şirkəti ilə “AZENCO” ASC arasında 330 kV-lik “Sumı” yarımstansiyasının texniki cəhətdən yenidən qurulması, o cümlədən 330 və 110 kV-lik paylayıcı quruluşlarda mövcud avadanlıq və dayaq konstruksiyalarının tam yenilənməsini nəzərdə tutan müqavilə imzalanmışdı. “AZENCO” “Ukrenerqo”nun Beynəlxalq İnkişaf və Yenidənqurma Bankının krediti hesabına həyata keçirdiyi “Elektrik enerjisinin ötürülməsi-2 (EEÖ-2)” layihəsi çərçivəsində ilk müqavilənin icraçısıdır.
Şirkət UE/2 “Şimal Elektrik Şəbəkələri yarımstansiyalarının texniki cəhətdən yenidən qurulması” paketinin 1-ci lotu üzrə açıq hərrac müsabiqəsinin 11 iştirakçısı arasında qalib elan olunmuşdu.