SİYASƏT
Azərbaycan tatarları və Azərbaycan kazakları Milli Qurtuluş Gününü qeyd ediblər
Bakı, 16 iyun, AZƏRTAC
Azərbaycan Kazaklar Birliyi və "Tatarıstan" İctimai Birliyi Milli Qurtuluş Günü münasibətilə Bakıda təntənəli tədbir keçiriblər. Tədbir Azərbaycan dövlət himninin səsləndirilməsilə başlanıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Kazaklar Birliyinin atamanı, kazak general-leytenantı Sergey Samuylov təbrik nitqi söyləyib. O, 1990-cı illərin əvvəlində ölkənin düşdüyü vəziyyətdən və ictimai-siyasi böhranın aradan qaldırılmasında Heydər Əliyevin rolundan danışıb.
"Azərbaycan düzgün inkişaf kursu seçib və Heydər Əliyev siyasətinin davam etdirilməsi nəticəsində Prezident İlham Əliyevin rəhbərliyi ilə inamla irəliyə gedir", - deyə ataman Sergey Samuylov bildirib.
Azərbaycan Kazaklar Birliyi Ağsaqqallar Şurasının sədri, general-mayor Vladimir Kapirovski tədbir iştirakçılarını Milli Qurtuluş Günü münasibətilə təbrik edərək vurğulayıb ki, ölkədə müstəqil dövlət quruculuğu dövründə ziddiyyətlər çox olub və bu özünü cəmiyyətdə də göstərib. Lakin ümummilli lider Heydər Əliyevin müdrik siyasəti nəticəsində respublikanın yeni inkişaf istiqaməti müəyyənləşdirilib.
"Tatarıstan" İctimai Birliyinin sədr müavini Emin Ramazanov tədbir iştirakçılarını müqəddəs Ramazan bayramı münasibətilə təbrik edib. Qeyd edib ki, ümummilli lider Heydər Əliyev məhz öz qətiyyəti sayəsində respublikada vəziyyəti dəyişməyə nail olub. Hazırda dünya arenasında layiqli yer tutan Azərbaycan "Eurovision", birinci Avropa Oyunları, İslam Həmrəylik Oyunları, Formula-1 və digər beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edib.
Sonra qərargah rəisi, polkovnik-leytenant Vladimir Statsenkonun, "Tatarıstan" İctimai Birliyinin yaradıcılıq sektorunun rəhbəri İsmail Safinin çıxışları dinlənilib. Tədbirdə İctimai Birliyinin sədri Abas Minyaşev, "Matryoşka" Assosiasiyasının üzvləri, habelə KİV təmsilçiləri, yaradıcı ziyalılar və elm ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Daha sonra Milli Qurtuluş Günü və ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr edilən film nümayiş etdirilib.
Tədbir mükafatların təqdimatı və say süfrəsi ilə başa çatıb.