MƏDƏNİYYƏT


Azərbaycan turizm şirkətləri Ər-Riyadda keçirilən turizm sərgisində iştirak edir

Bakı, 23 may, AZƏRTAC

Dövlət Turizm Agentliyinin (DTA) təşkilatçılığı ilə Azərbaycan nümayəndə heyəti Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən beynəlxalq “Riyad Səyahət Sərgisi”ndə iştirak edir.

DTA-dan AZƏRTAC-a bildirilib ki, nümayəndə heyətinin tərkibində Azərbaycan Turizm Bürosu və “Azərbaycan Hava Yolları” QSC ilə yanaşı, 12 yerli turizm şirkəti təmsil olunur.

Sərgi çərçivəsində Səudiyyə Ərəbistanının ən iri şəhərləri olan Ər-Riyad, Dammam və Ciddədən Bakıya birbaşa uçuşlar icra edən “Flynas” və “Flyadeal” hava yolu şirkətləri daxil olmaqla, xarici turizm şirkətləri ilə B2B görüşlər keçirilir, Azərbaycanın, o cümlədən işğaldan azad olunan torpaqların turizm potensialı haqqında məlumat verilir.

Sərginin ilk günü Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığındakı səfiri Şahin Abdullayev Azərbaycan stendini ziyarət edib və təbliğat materialları ilə tanış olub.

Sərgidə təşkilatçılar tərəfindən Azərbaycan stendinə “Brilliant tərəfdaş” mükafatı təqdim olunub.

Hər il keçirilən sərgi Yaxın Şərq regionu və Körfəz ölkələri üzrə turizm sənayesi nümayəndələrini bir araya toplayaraq yeni əməkdaşlıqlar üçün faydalı imkanlar yaradan beynəlxalq və regional platforma kimi çıxış edir.

Qeyd edək ki, 2022-ci ilin yanvar-aprel aylarında Səudiyyə Ərəbistanından gələn ziyarətçilər ölkəmizə ən çox səfər edən xarici ölkə vətəndaşları arasında 6-cı yerdə qərarlaşıb. Hazırda Səudiyyə Ərəbistanının 3 şəhərindən ölkəmizə həftədə 13 dəfə olmaqla birbaşa uçuşlar həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.