ELM VƏ TƏHSİL
Azərbaycan və ABŞ multikulturalizm modelləri müqayisəli təhlil edilib
Bakı, 24 dekabr, AZƏRTAC
Azərbaycan Dillər Universitetində (ADU) bu ali məktəbin İnformasiya Resurs Kompleksinin (İRK) və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) birgə təşkilatçılığı ilə “Azərbaycan və ABŞ multikulturalizm modelləri: müqayisəli təhlil” mövzusunda “dəyirmi masa” keçirilib.
ADU-dan AZƏRTAC-a bildiriblər ki, İRK-nin direktoru Şəhla Xudiyeva kompleksin yaranma tarixi, fəaliyyət istiqamətləri, məqsədi və strategiyası, kompleksin strukturu, əməkdaşlıq etdikləri müəssisələr barədə məlumat verib.
BBMM-nin direktoru, professor Azad Məmmədov ADU-nun Azərbaycan multikulturalizminin inkişafına verdiyi töhfələrdən danışıb, universitetin peşəkar müəllimlərinin xarici ölkələrdə bu sahə üzrə fənnin tədris olunmasında iştirak etdiklərini bildirib. A.Məmmədov BBMM-nin yaranma tarixi, məqsədi, barədə danışıb, mərkəzin fəaliyyətindən söz açıb. Multikulturalizm modelinin formalaşmasından bəhs edən A.Məmmədov Azərbaycanın bu sahədə digər ölkələrdə müqayisəli təşviqi barədə danışıb. O, Azərbaycan multikulturalizminin təbliğ olunduğu ölkələrdə təmsilçilərin və mərkəzlərin fəaliyyət göstərdiyini deyib.
ADU-nun prorektoru, professor Ələddin Əliyev multikulturalizmin inkişafının ölkəmizdə aktual məsələ olduğunu bildirib, bu sahədə universitetdə keçirilən tədbirlərdən danışıb.
Tədbirdə multikulturalizm mövzusunda məruzələr dinlənilib, müzakirələr aparılıb.