ORDU
Azərbaycan və Gürcüstan arasında hərbi sahədə əməkdaşlığın perspektivləri müzakirə edilib
Tbilisi, 22 may, AZƏRTAC
Gürcüstanda rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov mayın 22-də bu ölkənin müdafiə naziri Levan İzoria ilə görüşüb.
Gürcüstan Müdafiə Nazirliyində Azərbaycan nümayəndə heyətinin rəsmi qarşılanma mərasimi olub.
Protokola uyğun olaraq müdafiə nazirləri fəxri qarovulun önündən keçdikdən və dövlət himnləri səsləndirildikdən sonra görüş keçirilib.
Görüşdə ölkələrimiz arasında hərbi, hərbi təhsil, hərbi tibb sahələrində əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.
Regiondakı hərbi-siyasi vəziyyətə toxunan tərəflər bölgədə sabitliyin təmin olunmasının əhəmiyyətini vurğulayaraq, bu formatda münasibətlərin ölkələrimizin təhlükəsizliyinə və inkişafına töhfə verəcəyini qeyd ediblər.
Görüşdən sonra nazirlər mətbuat konfransı keçiriblər.
Sonra Azərbaycan nümayəndə heyəti Tbilisi şəhərindəki Qəhrəmanlar Meydanında Gürcüstanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda həlak olmuş vətəndaşların xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyub, onların xatirəsini yad edib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi