ELM VƏ TƏHSİL


Azərbaycan və Malayziyanın ali təhsil müəssisələri arasında əlaqələr genişlənir

Kuala Lumpur, 14 fevral, AZƏRTAC

Azərbaycanın Malayziyadakı səfirliyinin təşəbbüsü ilə Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə Malaya Universiteti arasında virtual formatda görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, geniş tərkibdə baş tutmuş görüşdə UNEC-i bu ali təhsil müəssisəsinin beynəlxalq əlaqələr və proqramlar üzrə prorektoru Neman Muradlının rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Malaya Universiteti tərəfindən isə professor Siti Nurşina Mohd Zainin başçılığı ilə müxtəlif departament və tədqiqat mərkəzlərinin rəhbərləri iştirak ediblər.

Görüş zamanı tərəflər UNEC və Malaya Universitetinin beynəlxalq əməkdaşlıq təcrübəsi barədə fikir mübadiləsi aparıblar. İki ali təhsil müəssisəsi arasında elmi-pedaqoji əlaqələrin, o cümlədən tələbə və müəllim mübadilə proqramlarının təsis edilməsi və əməkdaşlığın genişləndirilməsi istiqamətində mövcud imkanlar müzakirə olunub.

Qeyd edək ki, bu görüş, Azərbaycan səfirliyinin iki dost ölkənin aparıcı təhsil müəssisələri arasında əməkdaşlıq münasibətlərini genişləndirmək üçün həyata keçirdiyi silsilə tədbirlərdən biridir. Belə ki, ötən müddət ərzində Azərbaycanın ali təhsil müəssisələri ilə Malayziyanın İslamın İdrakı İnstitutu, Mara Texnologiya Universiteti (UiTM), Milli Müdafiə Universiteti və Sultan Azlan Şah Universiteti ilə oxşar görüşlər keçirilib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Kuala Lumpur

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.