SİYASƏT
Azərbaycan və Qırğızıstan arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub
Bakı, 27 aprel, AZƏRTAC
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun BMT-nin Sivilizasiyalar Alyansının Bakıda keçirilən VII Qlobal Forumu çərçivəsində Qırğızıstanın mədəniyyət, informasiya və turizm naziri Altınbek Maksutov ilə görüşündə ölkələrimiz arasında mədəniyyət, informasiya, idman və turizm sahələrində əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycanda Qırğızıstan, Qırğızıstanda isə Azərbaycan mədəniyyət günlərinin keçirilməsinin nəzərdə tutulduğu qeyd olunub.
Elmar Məmmədyarov ölkələrimiz arasında əlaqələrin xalqlarımızın bölüşdüyü ortaq tarix, mədəniyyət və etnik bağlılıq əsasında ikitərəfli və çoxtərəfli formatlarda inkişaf etdiyini bildirib.
Altınbek Maksutov Bakıda keçirilən VII Qlobal Foruma dəvətə görə Azərbaycan tərəfinə təşəkkürünü bildirib, tədbirin işini və məramını yüksək qiymətləndirib.
Tərəflər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini də müzakirə ediblər.