İQTİSADİYYAT
Azərbaycan və Türkiyə iş adamlarının işgüzar görüşü olub
Bakı, 17 iyul, AZƏRTAC
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Türkiyənin Xarici İqtisadi Əlaqələr Şurasının (DEİK) birgə təşkilatçılığı ilə videokonfrans formatında iş adamları arasında işgüzar görüş keçirilib.
AZPROMO-dan AZƏRTAC-a bildirilib ki, Azərbaycanın Türkiyədəki və Türkiyənin ölkəmizdəki səfirlərinin, dövlət qurumlarının nümayəndələrinin və sahibkarların iştirak etdiyi tədbirdə hər iki ölkənin biznes dairələri arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi perspektivləri, pandemiya dövründə sahibkarlığın dəstəklənməsi istiqamətində görülən işlər barədə fikir mübadiləsi aparılıb.
DEİK-in prezidenti Nail Olpak Türkiyə-Azərbaycan iqtisadi əməkdaşlığı barədə danışıb, təmsil etdiyi qurumun pandemiya şəraitində fəaliyyətindən bəhs edib, bu cür tədbirlərin təşkilinin dostluğa söykənən mövcud iqtisadi əlaqələrin daha da möhkəmlənməsində rolunu vurğulayıb.
AZPROMO-nun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar, iqtisadiyyatın liberallaşdırılması tədbirləri, əlverişli biznes və investisiya mühiti barədə məlumat verib, xarici tərəfdaşlarla qarşılıqlı əlaqələrin genişləndirilməsi istiqamətində fond tərəfindən görülən işləri, ölkəmizdə pandemiyanın sahibkarlığa mənfi təsirlərinin minimuma endirilməsi üçün həyata keçirilən sistemli tədbirləri diqqətə çatdırıb.
Tədbir çərçivəsində iş adamları arasında qida sənayesi və kənd təsərrüfatı, sənaye, nəqliyyat-logistika sektorları üzrə panel sessiyaları təşkil edilib, iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətləri müzakirə olunub, suallar cavablandırılıb.