SİYASƏT
Azərbaycan vətəndaşları Prezident İlham Əliyevin həyata keçirdiyi islahatları yüksək qiymətləndirir
Bakı, 9 aprel, AZƏRTAC
Son bir il ərzində Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar hər bir sahəyə təsir edib və bundan sonra da edəcək. 2017-ci ili iqtisadi sabitləşmə, 2018-ci ili isə dərin iqtisadi islahatlar ili adlandıran Prezident İlham Əliyev 2019-cu ildə Azərbaycanda iqtisadi artımın yüksək templərlə təmin ediləcəyini bildirib.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) dosenti, iqtisadiyyat üzrə fəlsəfə doktoru Adil Sultanov deyib.
A.Sultanov bildirib ki, son aylarda ölkəmizdə çox vacib sosial islahatlar aparılır. Şəhid ailələrinə birdəfəlik müavinətlərin verilməsi, bu kateqoriyaya aid insanlara müavinətin 242 manatdan 300 manata, həmçinin Əfqanıstan müharibəsi veteranlarına verilən müavinətin 220 manatdan 300 manata qaldırılması, məcburi köçkünlərlə bağlı geniş inşaat proqramlarının icrası bu istiqamətdə görülən işlərin tərkib hissəsidir. Bununla yanaşı, son aylarda dövlətimizin başçısının imzaladığı fərman və sərəncamlara əsasən, 100 minə yaxın tələbənin təqaüdünün yüksəldilməsi, minimum əməkhaqqının 38 faiz artması, yəni, 130 manatdan 180 manata çatdırılması, minimum pensiyaların 38 faiz artaraq 116 manatdan 160 manata qədər qalxması və bunun müqabilində 223 min insanın pensiya təminatının yaxşılaşdırılması dövlətin bu təbəqəyə göstərdiyi diqqətin əyani təzahürüdür. Həqiqətən də 2017-ci ildə iqtisadi sabitliklə bağlı atılan çox önəmli addımlar 2018-ci ildə keçirilən prezident seçkilərindən sonra islahatların yeni mərhələsinə təkan vermişdi. Bu gün həmin islahatlar bəhrəsini verməkdədir. Bu ilin yanvar ayının yekunlarına əsasən, ümumi daxili məhsulun 3 faiz artımı da bunu bir daha təsdiqləyir.
A.Sultanov qeyd edib ki, Azərbaycanda iqtisadi, sosial, ətraf mühit və ekologiya sahələrində aparılan ciddi islahatlar, şəffaflıqla bağlı görülən işlər büdcə daxilolmalarına da müsbət təsir göstərir. İlin birinci ayında qeyri-neft sektorunda sənaye istehsalının təxminən 14 faiz artması, vergi və gömrük orqanları tərəfindən plandan əlavə milyonlarla manatdan çox vəsaitin toplanması, Dövlət Neft Fondunun gəlirlərinin artması onu göstərir ki, 2019-cu ildə də Azərbaycanda iqtisadi artım yüksək templərlə təmin ediləcək. Ümumi daxili məhsulun artımı isə ölkədə gedən islahat prosesinin nəticəsidir. Azərbaycandakı inkişaf prosesləri həm də respublikada dövlət idarəçiliyi sahəsində aparılan islahatların nəticəsidir. Bu faktı dünya maliyyə qurumları da təsdiq edir.
Akademiyanın dosenti vurğulayıb ki, Azərbaycan vətəndaşları Prezident İlham Əliyevin həyata keçirdiyi islahatları yüksək qiymətləndirir. Bunu Fransanın “Opinion Way” şirkətinin bu ilin martında Azərbaycanda keçirdiyi rəy sorğusu da sübut edir. Sorğunun nəticələrinə görə, respondentlərin 80,1 faizi ölkədəki mövcud ictimai-siyasi və sosial-iqtisadi sabitliyin qorunub saxlanılmasını Prezident İlham Əliyevin fəaliyyətinin ən uğurlu nəticəsi kimi dəyərləndirib.