SİYASƏT
Azərbaycan xalqı ulu öndərin xidmətlərini unutmayacaq
Bakı, 12 dekabr, AZƏRTAC
Ulu öndər Heydər Əliyev Azərbaycanda sivil, demokratik, hüquqi dövlətin banisi və qurucusu kimi hər bir azərbaycanlının qəlbində əbədi məskən salıb.
Bu sözləri Fəxri xiyabanda Ümummilli Liderin məzarını ziyarət etməyə gəlmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Şəkər Məmmədova AZƏRTAC-a müsahibəsində deyib.
Ş.Məmmədova bildirib ki, Ulu Öndərin Azərbaycan üçün etdikləri o qədərdir ki, onları bir neçə cümlədə ifadə etmək mümkün deyil. Lakin bir həqiqət vardır ki, Heydər Əliyevin dövlətçiliyimiz, xalqımız qarşısındakı misilsiz xidməti Azərbaycan durduqca xatırlanacaqdır. Heydər Əliyev bütün dünya azərbaycanlılarının qəlbində silinməz iz buraxıb.
Azərbaycanda anarxiyanın, xaosun baş aldığı bir dövrdə xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Heydər Əliyev sabitlik yaradaraq ölkəmizi inkişaf yoluna çıxarıb. Apardığı islahatlar Azərbaycanın çiçəklənməsinə təkan verib, iqtisadiyyatımızı gücləndirib, onu dünyaya tanıdıb. Allahdan Ulu Öndərə rəhmət diləyirəm, qəbri nurla dolsun!