REGİONLAR
Azərbaycana həsr olunmuş ömür
Qusar, 12 iyul , Elxan Yusifli, AZƏRTAC
Xalqımız ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin 50 ilini böyük tarixi hadisə kimi qeyd edərək, öz dahi oğlunun misilsiz xidmətlərini minnətdarlıq duyğuları ilə anır. Ölkəmiz dünyada tutduğu yüksək mövqeyə Ulu Öndərin müdrikliyi, qətiyyəti, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilib. Heydər Əliyev dühası 1969-cu ilədək SSRİ-nin aqrar respublikası kimi tanınan Azərbaycanı çox qısa müddətdə inkişaf etmiş sənaye ölkəsinə, yüksək mədəniyyəti ilə bütün dünyada tanınan diyara çevirə bildi.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə iyulun 12-də Qusar rayon Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 50-ci ildönümü münasibətilə keçirilən “Azərbaycana həsr olunmuş ömür” adlı konfransda bildirilib.
Konfransda Yeni Azərbaycan Partiyası Siyasi Şuranın üzvü, rayon təşkilatının sədri David İbramxəlilov Ulu Öndərin siyasi hakimiyyətə gəlişi ilə bağlı geniş məruzə ilə çıxış edib.
Qusar rayon Heydər Əliyev Mərkəzinin elmi işçisi Fidan Kazımzadənin “Sovet Azərbaycanını yüksəldən rəhbər”, baş fond mühafizi Lalə Sadirovanın isə “Heydər Əliyev - Müstəqil Azərbaycan dövlətinin qurucusu və yaradıcısı” adlı təqdimatları konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Çıxışlarda bildirilib ki, hər bir xalqın tarixində xilaskar rolunu oynayan dahi insanlar var. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev də belə tarixi şəxsiyyətlər sırasına daxildir.
Konfransda Heydər Əliyev Mərkəzinin direktoru Neva Abdurahmanovanın ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 50-ci ildönümünə həsr olunmuş “Azərbaycançılıq ideologiyası multikultural və etik-əxlaqi dəyərlər sistemində” adlı kitabı rayon ictimaiyyətinə təqdim olunub.