CƏMİYYƏT
Azərbaycana və Türkiyəyə qarşı ekstremist xarakterli şərhlər yazan Arman Saakyan Rusiya məhkəməsi tərəfindən cəzalandırılıb
Moskva, 5 mart, AZƏRTAC
Rusiyanın Kemerovo vilayətinin milliyyətcə erməni olan yerli sakin sosial şəbəkələrdə Azərbaycanın və Türkiyənin ünvanına ekstremist xarakterli şərhlər yazdığına görə cərimə edilib.
AZƏRTAC xəbər verir ki, Arman Saakyan ad-soyadlı bu sakin “Odnoklassniki” sosial şəbəkəsində ekstremist xarakterli materiallar yerləşdirdiyinə görə inzibati cərimə cəzasına məhkum edilib.
Məhkəmə müəyyən edib ki, “Odnoklassniki” saytında qeydiyyata alınmış internet-səhifənin istifadəçisi Saakyan Arman Yurikoviç 2020-ci ilin oktyabr ayında Türkiyə və Azərbaycan sakinlərinə ünvanlanmış neqativ məzmunlu şərhlər, həmçinin Türkiyənin dövlət bayrağının yandırılması hadisəsinin fototəsvirini yerləşdirib.
Məhkəmə iclasında Saakyan inzibati xəta törətməsini tamamilə etiraf edib.
Məhkəmə müəyyən edib ki, internet istifadəçisi Saakyanın saytda yerləşdirdiyi şərhdə bir qrup şəxs barəsində neqativ məzmunlu fikirlər əks olunub. Bundan əlavə, Türkiyənin dövlət bayrağını yandıran Saakyanın “Hansı avatarka daha yaxşıdır?” sərlövhəli materiala əlavə edilmiş fototəsviri Türkiyənin dövlət rəmzlərini təhqir etməyə yönəlməklə, müəyyən cəmiyyətə və dövlətə nifrət və hörmətsizlik təzahürüdür.
Məhkəmə Saakyan Arman Yurikoviçin öz təqsirini tamamilə etiraf etməsini və onun himayəsində bir azyaşlı uşaq olmasını inzibati məsuliyyəti yüngülləşdirən hal hesab edərək onu inzibati xəta törətməkdə təqsirkar hesab etməyi və barəsində 10.000 rubl məbləğində inzibati cərimə şəklində cəza tətbiq etməyi qərara alıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva