CƏMİYYƏT
Azərbaycanda 56 min 539 nəfər Prezident təqaüdü ilə təmin olunub
Bakı, 29 iyul, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü ilə təmin olunan şəxslərin sayı hazırda 56 min 539 nəfərdir.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, həmin şəxslərdən 176-sı Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilmiş şəxslərdir (həmin şəxslərdən həlak olan insanların ailə üzvlərinə bu təqaüd ödənilir.) Azərbaycan Prezidentinin aylıq təqaüdü ilə təmin olunanların 19 min 699 nəfəri müharibə əlilləri və onlara bərabər tutulanlar, 13 min 97-si şəhid ailələridir.
Həmçinin 20 Yanvar faciəsi zamanı şəhid olmuş 115 nəfərin ailəsinə və 303 nəfər 20 Yanvar əlilinə, 405 nəfər İkinci Dünya müharibəsi iştirakçısına Azərbaycan Prezidentinin aylıq təqaüdü ödənilir. Bundan başqa, 394 nəfərə Prezidentin fərdi təqaüdü verilir.
Fəxri ad almış 2 min 365 nəfər, ümumi səbəbdən I qrup əlil olan və əmək pensiyası almaq hüququ olmayan 19 min 923 nəfər, Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olmuş, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən 62 hərbi qulluqçunun ailə üzvləri də Prezidentin aylıq təqaüdü ilə təmin edilirlər.
Digər sosial ödənişlər kimi, Prezidentin aylıq təqaüdünün məbləği də mütəmadi olaraq artırılır. Cari ilin yanvar ayında dövlət başçısının imzaladığı Fərmanlarla və Sərəncamla Prezidentin aylıq təqaüdü ilə təmin olunan şəxslərin təqribən 95 faizinin təqaüdlərinin növbəti dəfə artırılması təmin olunub.