CƏMİYYƏT
Azərbaycanda artezian və subartezian quyularının sifarişi, layihələndirilməsi, qazılması və istismarı ilə bağlı qaydalar hazırlanır
Bakı, 9 fevral, AZƏRTAC
Hazırda yeraltı suların istifadəsi ilə bağlı məsələləri tənzimləmək üçün "Yerin təki haqqında” qanunvericiliyə dəyişiklik nəzərdə tutulur, o cümlədən artezian və subartezian quyularının sifarişi, layihələndirilməsi, qazılması və istismarı ilə bağlı qaydalar hazırlanır.
AZƏRTAC xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su ehtiyatlarının idarə edilməsi şöbəsinin müdiri Mütəllim Əbdülhəsənov “Ekspert saatı”nda deyib.
Onun sözlərinə görə, quyuların qazılması dövlət sənədi kimi vahid sənəd olacaq. Hər bir fiziki və ya hüquqi şəxs bununla tanış olduqdan sonra quyuların qazılması ilə əlaqədar məsələlərdə qanunvericiliyin tələblərinə mütləq əməl etməlidir. Çünki quyuların qazılması və ya suyunun götürülməsi icazə əsasında həyata keçirilir. Bu, təbii sərvətdir, ölkəmizin faydalı qazıntı yataqlarının bir hissəsidir və ona görə də yeraltı sular qorunmalıdır. Əgər ərazidə kifayət qədər yerüstü su ehtiyatları varsa, orada yeraltı suların qazılmasına icazə verilmir. Belə məhdudlaşdırıcı tədbirlər qanunvericilikdə təsbit olunub. Lakin kiçik dərinlikdə yuxarı səviyyədə olan qrunt sularının həyatyanı sahələrdə çıxarılmasına icazə verilir".