ELM VƏ TƏHSİL
“Azərbaycanda davamlı turizm məhsulları” mövzusunda məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıblar
Bakı, 21 noyabr, P.İmanova, AZƏRTAC
“Azərbaycanda davamlı turizm məhsulları” mövzusunda respublika məqalə müsabiqəsi başa çatıb.
Noyabrın 21-də Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) müsabiqənin yekunlarına həsr olunan konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə ATMU-nun rektoru İlham Mədətov məqalə müsabiqəsi barədə məlumat verib. Bildirilib ki, bu müsabiqə dövlətin turizm siyasəti sahəsində həyata keçirdiyi tədbirlərin və aparılan işlərin cəmiyyətdə daha geniş təbliği, davamlı turizm sahəsi üzrə aktual mövzuların ictimaiyyətin diqqətinə çatdırılması, həmin mövzularda tədqiqat və araşdırma işlərinin aparılmasına elm sahəsində fəaliyyət göstərən insanların cəlb edilmələri, həmçinin onların apardıqları elmi tədqiqatların nəticələrinin ictimaiyyətə təqdim olunması məqsədilə keçirilib. Konfransın davamlı turizmin inkişafı ilə bağlı məqalə müsabiqəsinin yekunlarına həsr olunduğunu söyləyən rektor müsabiqəyə maraqlı məruzələrin təqdim edildiyini söyləyib. Nəzərə çatdırılıb ki, bugünkü konfransda müvafiq mövzu üzrə məruzələr dinləniləcək və sonda qaliblər müəyyənləşdiriləcəklər.
Tədbirdə ATMU-nun tədris işləri üzrə prorektoru Eldar Aslanovun “Davamlılıq və dayanıqlılıq polemikasında turizm fenomeni”, turizm və qonaqpərvərlik fakültəsinin dekanı Rəhman Səfərovun “Turizmin davamlılığında “Bermud” üçbucağı” mövzularında məruzələri dinlənilib. Məruzələrdə 2017-ci ilin BMT-nin Dünya Turizm Təşkilatı tərəfindən dünyada “Beynəlxalq davamlı turizm ili” elan edilməsi diqqətə çatdırılıb, davamlılıq və dayanıqlılıq polemikasına turizm fenomeni baxımından yanaşılıb, davamlılıq terminin etimologiyasından söz açılıb. Bildirilib ki, davamlılıq ekologiya sahəsinin termini olmasına baxmayaraq hazırda humanitar elmlərin əsas anlayışı kimi istifadə edilir. Davamlı inkişaf dedikdə isə hazırkı zamanın tələbini ödəyən, lakin gələcək nəsillərin öz şəxsi tələbatını ödəməyi təhlükə altına qoymayan və bu zaman digər ölkələrin milli suverenliyinə təhlükə yaratmayan inkişaf davamlı inkişafdır. Bu gün bütün ölkələrin gündəmində davamlı inkişaf əsas siyasi alət kimi istifadə olunur.
Nəzərə çatdırılıb ki, 1980-ci ildən isə BMT öz sənədlərində davamlı inkişafı mühüm bir anlayış kimi istifadə etməyə başlayır. Davamlı inkişafın iki əsas başlığı vardır ki, bunlardan biri insan digəri isə ətraf mühitdir.
Sonra konfrans işini “Sosial cəlbedicilik, dayanıqlı inkişaf, yoxsulluğun azaldılması” və “Ehtiyatlardan səmərəli istifadə, dəyərlərin qorunması” bölmələri üzrə davam etdirib. Bölmə iclaslarında ümumilikdə otuzdan çox məruzə dinlənilib.
Sonda məqalə müsabiqəsində seçilən ilk üç məruzəçiyə hədiyyələr təqdim olunub.