REGİONLAR
“Azərbaycanda elektron kənd təsərrüfatına dəstək” layihəsinin təqdimatı olmuşdur
Bakı, 12 mart (AZƏRTAC). Martın 12-də Bakıda “Azərbaycanda elektron kənd təsərrüfatına dəstək” layihəsinin təqdimatı olmuşdur.
AZƏRTAC xəbər verir ki, təqdimatda Kənd Təsərrüfatı, İqtisadiyyat və Sənaye nazirliklərinin nümayəndələri, bir sıra hökumət qurumlarının təmsilçiləri, xarici mütəxəssislər iştirak etmişlər.
Mərasimdə çıxış edən Azərbaycan kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev ölkəmizdə aqrar sektorun inkişafından, dövlət tərəfindən bu sahəyə göstərilən diqqət və qayğıdan, layihənin vacibliyindən bəhs etmişdir. Nazir müavini, həmçinin Azərbaycan Prezidentinin “Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” 2014-cü il 16 yanvar tarixli Sərəncamının əhəmiyyətindən, ərzaq təhlükəsizliyi, subsidiyaların verilməsi və digər məsələlər barədə danışmışdır.
Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin Əməliyyat Bölməsinin rəhbəri Federiko Berna, layihənin qrup rəhbəri Salvatore Karfi çıxış edərək “Azərbaycanda elektron kənd təsərrüfatına dəstək” layihəsi barədə ətraflı məlumat vermiş, onun vacibliyindən və əhəmiyyətindən danışmış, bu sahənin inkişafına töhfə verəcəklərini söyləmişlər.
Təqdimatda vurğulanmışdır ki, Azərbaycanda elektron kənd təsərrüfatı sisteminin yaradılması vacib məsələlərdən biridir. Avropa İttifaqının dəstəyi ilə ölkəmizdə bu istiqamətdə bir sıra işlər görülmüşdür. Bu ilin yanvar ayından ilkin hazırlıq işləri həyata keçirilmiş, müvafiq təhlillər aparılmışdır. Məqsəd subsidiyaların həyata keçirilmə mexanizmini, heyvanların identifikasiyası və torpaqların qeydiyyatı sistemlərini birləşdirərək bu istiqamətdə görüləcək bütün işləri elektronlaşdırmaq və vahid bir mərkəzdən idarə etməkdir. Yaxın vaxtlarda layihənin həyata keçirilməsinə başlanacaqdır.
Tədbirdə layihə çərçivəsində planlaşdırılan işlər geniş müzakirə edilmişdir.