ELM VƏ TƏHSİL
Azərbaycanda ilk dəfə “Onkologiya terminləri lüğəti” nəşrə hazırlanır
Bu barədə AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin növbəti büro iclasında bildirilib
Bakı, 23 noyabr, AZƏRTAC
Noyabrın 23-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Biologiya və Tibb Elmləri Bölməsinin növbəti büro iclası keçirilib.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə bölmənin akademik-katibi, akademik Əhliman Əmiraslanov, büro üzvləri, bölmənin tərkibinə daxil olan elmi müəssisələrin rəhbərləri iştirak ediblər.
Əvvəlcə akademik Əhliman Əmiraslanov iclasın gündəliyini iştirakçıların diqqətinə çatdırıb. Ə.Əmiraslanov bölmənin elmi müəssisələrinin 2018-ci il üzrə elmi və elmi təşkilati fəaliyyətinə dair hesabatlarının vəziyyəti ilə maraqlanıb. Bölməyə daxil olan müvafiq institutların rəhbərlərinə AMEA ilə Kənd Təsərrüfatı Nazirliyi arasında əməkdaşlıq haqqında imzalanan niyyət sazişi çərçivəsində bir sıra tədbirlərinin görülməsi ilə bağlı tapşırıq verib.
Sonra AMEA-nın müxbir üzvü Zeynal Əkpərov AMEA-nın prezidenti, akademik Akif Əlizadənin müvafiq sərəncamına əsasən Torpaqşünaslıq və Aqrokimya İnstitutunda aparılan elmi və elmi-təşkilati islahatların həyata keçirilməsinin öyrənilməsinə dair komissiyanın arayışını diqqətə çatdırıb.
Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev elmi müəssisənin hazırda iştirak etdiyi layihələr və islahat planları barədə məlumat verib.
Daha sonra AMEA-nın müxbir üzvü Nuru Bayramov “Onkologiya terminləri lüğəti”nin nəşri haqqında danışıb. Respublikada ilk dəfə belə bir nəşrin hazırlandığını deyən alim lüğətdə qeyd olunan tibb sahəsi üzrə terminlərin və onların Azərbaycan dilində izahının əks olunduğunu bildirib.
Növbəti elmi-təşkilati məsələ Zoologiya və Genetik Ehtiyatlar institutlarının elmi şuralarının tərkibində və Dendrologiya İnstitutunun strukturunda dəyişiklik edilməsi ilə bağlı olub.
İclasda akademik Əhliman Əmiraslanov Torpaqşünaslıq və Aqrokimya İnstitutunun torpaqların rekultivasiyası laboratoriyasının müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Fərhad Sadıqova 70 illik yubileyi münasibətilə Biologiya və Tibb Elmləri Bölməsinin fəxri fərmanını təqdim edib. Həmçinin institutun torpaq fizikası laboratoriyasının baş elmi işçisi, professor Akif Gərayzadənin 80 illik yubileyinin keçirilməsi qərara alınıb.
Sonda bölməyə daxil olan bir neçə elmi müəssisənin kadr məsələləri ətrafında fikir mübadiləsi aparılıb, müvafiq qərarlar verilib.