İQTİSADİYYAT
Azərbaycanda istehsal olunan malların vahid məlumat bazası yaradılacaq
Bakı, 21 sentyabr, AZƏRTAC
Azərbaycanda istehsal olunan malların vahid məlumat bazası yaradılacaq.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikasında istehsal olunan malların vahid məlumat bazasının yaradılması haqqında Sərəncam imzalayıb.
AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə Azərbaycan Respublikasında istehsal olunan mallar və həmin malların istehsalçıları barədə məlumatları əks etdirən, ən azı üç dildə (Azərbaycan, ingilis və rus dillərində) fəaliyyət göstərən İnternet portalının üç ay müddətində yaradılmasını təmin etmək, həmin portalda istehsal fəaliyyəti üzrə (hər bir mal növü, onun istehsalçısı, hüquqi ünvanı, əlaqə vasitələri, habelə istehsalçı qrupları, istehsal imkanları, tərəfdaşlar və s.) istifadəsi sadə olan axtarış sistemi yaratmaq, informasiya-kommunikasiya texnologiyalarının imkanlarından istifadə etməklə istehsalçılarla informasiya mübadiləsinin elektron şəkildə və daha operativ qaydada təşkil olunması, habelə istehsalçılar tərəfindən məlumatların portala daxil edilməsi və yenilənməsi məqsədi ilə portalda "elektron kabinet" bölməsi yaratmaq, malların istehsalçıları tərəfindən məlumatların portalda yerləşdirilməsi üçün mütəmadi olaraq təbliğat-təşviqat tədbirləri həyata keçirmək, yaradılmış portal barədə məlumatın kütləvi informasiya vasitələri ilə yayılmasını təmin etmək tapşırılıb.
Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə 400,0 min manat ayrılıb.