ELM VƏ TƏHSİL
Azərbaycanda neftlə çirklənmiş torpaqların rekultivasiyası istiqamətində görülən işlər yüksək qiymətləndirilib
Bakı, 25 iyun, AZƏRTAC
Rusiyanın Moskva vilayətinin Puşino şəhərində Rusiya Elmlər Akademiyası (REA), Kənd Təsərrüfatı Nazirliyi, Federal Tədqiqatlar Mərkəzi və Rusiya Xalqlar Dostluğu Universitetinin təşkilatçılığı ilə beynəlxalq simpozium keçirilib.
Simpoziumun plenar iclasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev “Abşeronda neftlə çirklənmiş torpaqların subtropik bitkilər vasitəsilə rekultivasiyası” mövzusunda məruzə ilə çıxış edib, iştirakçıların suallarını cavablandırıb.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, Əlövsət Quliyev Torpaqların Fiziki-Kimyəvi və Bioloji Problemləri İnstitutunun direktoru, REA-nın müxbir üzvü Andrey Alekseyevlə görüşüb, neftlə çirklənmiş torpaqlar və onların remidasiyası məsələsini müzakirə edib. Əlövsət Quliyev bu sahədə Azərbaycanda görülən işlər barədə ətraflı məlumat verib, sözügedən problemin bütün MDB ölkələrini narahat etdiyini söyləyib. 222,4 min hektar sahəsi olan Abşeron yarımadasının 33,3 min hektarının neftlə çirklənmiş sahələrdən ibarət olduğunu deyən Əlövsət Quliyev çirklənmiş torpaqların bütün ərazi üzrə dəqiq olmayan formada yayıldığını vurğulayıb: “Prezident İlham Əliyev bu sahəyə ciddi diqqət yetirir. Bunun nəticəsidir ki, neftlə çirklənmiş torpaqlar və onların remidasiyası sahəsində Azərbaycanda böyük işlər görülüb”.
Alim bildirib ki, Abşeron torpaqlarını neft tullantılarının, lay və kanalizasiya sularının təsirindən qorumaq üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti, SOCAR və digər təşkilatlar mühüm tədbirlər həyata keçirir.
Torpaqların Fiziki-Kimyəvi və Bioloji Problemləri İnstitutunun elmi işlər üzrə direktor müavini, biologiya üzrə elmlər doktoru, professor David Pinski neftlə çirklənmiş torpaqların müxtəlif bakteriyaların təsiri ilə münbit hala gətirilməsinin əhəmiyyətindən danışıb, Azərbaycanın bu sahədəki təcrübəsindən bəhrələnməyin vacibliyini vurğulayıb.
Həmçinin Ə.Quliyevin REA-nın Q.K.Skryabin adına Biokimya və Mikroorqanizmlərin Fiziologiyası İnstitutunda məruzəsi dinlənilib.
Simpoziumun yekununda AMEA, REA və Qazaxıstan Elmlər Akademiyasının institutlarının müzakirə olunan məsələlərlə bağlı əməkdaşlıq etməsi qərara alınıb. Bildirilib ki, neftlə çirklənmiş torpaqların onların birgə səyi ilə rekultivasiya və remidasiya edilməsi minlərlə hektar torpaqların əkin dövriyyəsinə qaytarılması və məhsuldarlığın artırılmasına səbəb olacaq.
Sonda əməkdaşlığa dair niyyət protokolu imzalanıb.