ELM VƏ TƏHSİL
“Azərbaycanda qədim metallurgiya və metalişləmə” monoqrafiyası çapdan çıxıb
Bakı, 14 may, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloji texnologiya sektorunun rəhbəri, tarix üzrə fəlsəfə doktoru, dosent Bəxtiyar Cəlilovun “Azərbaycanda qədim metallurgiya və metalişləmə” monoqrafiyası çapdan çıxıb.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, monoqrafiyada Azərbaycanda qədim metallurgiya və metal istehsalının yaranması və inkişaf mərhələləri tədqiq edilib. Azərbaycan ərazisində aparılan arxeoloji tədqiqatlar nəticəsində əldə edilən zəngin maddi mədəniyyət nümunələri əsasında erkən metallurgiyanın xammal mənbələri, qədim dağ-mədən işi, metaldan istifadə vərdişlərinin formalaşması, onun inkişaf mərhələlərinin xarakterik xüsusiyyətləri və metal məmulatlarının geniş tipoloji təsnifatı verilib.
Yeni nəşr dörd fəsildən ibarətdir. Birinci fəsil qədim metallurgiya və metalişləmə sənətinin öyrənilmə tarixi və tarixşünaslığına həsr edilib. Əsərin ikinci fəsli qədim metallurgiya və metalişləmə sənətinin xammal mənbələri və dağ-mədən işi barədədir. Üçüncü fəsildə eneolit, ilk və orta tunc dövrlərində Azərbaycanda metallurgiya və metalişləmə sənətinin yaranması və inkişaf mərhələləri işıqlandırılır. Elmi-tədqiqat işinin dördüncü fəslində isə son tunc dövründə metallurgiya və metalişləmə sənəti kontekstində metal emaletmə vasitələri, metal əşyaların tipoloji təsnifatı, silahlar, əmək alətləri, bəzək əşyaları və tunc əşyalar istehsalının texniki üsulları təhlil edilib.
Əsərə eneolit, ilk, orta və son tunc dövrü metal əmək alətlərinin, bəzək əşyalarının və silahların spektral analizlə müəyyən edilən kimyəvi tərkibini göstərən cədvəllər, metal materialların təsvirindən ibarət tablolar əlavə olunub.
Nəşrin elmi redaktorları professor Maisə Rəhimova, AMEA-nın müxbir üzvü Vəli Əliyev, elmi rəyçiləri professor Qüdrət İsmayılzadə və tarix üzrə fəlsəfə doktoru Vəfa Mahmudovadır.
Əsər arxeologiya, tarix, paleometallurgiya üzrə mütəxəssislər, həmçinin geniş oxucu kütləsi üçün nəzərdə tutulur.