MƏDƏNİYYƏT
Azərbaycanda səfərdə olan almaniyalı jurnalist təəssüratlarını “Fränkische Nachrichten” qəzetinin oxucuları ilə bölüşür
Berlin, 22 noyabr, AZƏRTAC
Almaniyanın “Fränkische Nachrichten” qəzetində Azərbaycan haqqında geniş məqalə dərc edilib.
Məqalədə qəzetin Azərbaycana səfər edən müxbiri Rasso Knoller ölkəmiz haqqında təəssüratlarını bölüşür. O, neftdən gələn gəlirlərin ölkəni varlandırdığını və bunun paytaxt Bakıda açıq-aydın müşahidə edildiyini vurğulayır.
Müəllif Bakının görməli yerləri, tarixi abidələri, müasir tikililəri, o cümlədən Şirvanşahlar sarayı, Qız qalası, Alov Qüllələri, Heydər Əliyev Mərkəzi, Xalça Muzeyi barədə məlumat verir.
Almaniyalı jurnalist Bakının tarixi hissəsindəki ensiz küçələrdən keçərkən buradakı çoxsaylı çay evlərindən birində fasilə verərək şəhər həyatının gedişini izləməyin buranın gözəlliyini insanın gözü qarşısında canlandırdığını nəzərə çatdırır. O, turistlərə Bakıda əvvəlcə qarpız mürəbbəsinin dadına baxmağı, sonra isə ədviyyatlı çay içməyi məsləhət görür.
Məqalədə Azərbaycanın neft sənayesinin tarixi haqqında məlumatlar da oxucuların diqqətinə çatdırılır. Bakının “Qafqazın Parisi” adlandırıldığını nəzərə çatdıran müəllif şəhərin tarixi hissəsinin ətrafındakı yeni tikililərin həqiqətən də Fransanın paytaxtını xatırlatdığını vurğulayır.
Azərbaycanın məşhur Lahıc kəndinə səfər edən jurnalist kəndə çatmaq üçün keçdiyi sıldırım dağ yollarını təsvir edir. O, Lahıcın misgərlik sənəti ilə məşhur olduğunu, Lahıc misgərlik sənətinin UNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edildiyini diqqətə çatdırır.
Daha sonra Şəki haqqında məlumat verən jurnalist burada gördükləri ilə bağlı təəssüratlarını da oxuculara çatdırır. O, Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil olunduğunu qeyd edir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin