İQTİSADİYYAT
Azərbaycanda təbii qazla təminat səviyyəsi və sürəti bir sıra inkişaf etmiş ölkələrdəki göstəricilərdən daha yüksəkdir
Bakı, 30 iyun, AZƏRTAC
Dövlətimizin başçısının təsdiq etdiyi Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramları çərçivəsində iqtisadiyyatın digər sahələri kimi, təbii qaz təsərrüfatında da son illər böyük nailiyyətlər əldə olunub. Əhalinin sosial rifahının yaxşılaşdırılması və enerji təminatı məqsədilə dövlətimizin başçısının tapşırığına uyğun olaraq respublikanın müxtəlif bölgələrində kənd və qəsəbələrin sürətli qazlaşdırılması işləri aparılıb.
“Azəriqaz” İstehsalat Birliyinin Yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov AZƏRTAC-a bildirib ki, son 3 il ərzində ümumilikdə 260-dan çox kənd ilk dəfə qazlaşdırılıb. Bununla yanaşı, Bakı şəhərində və regionlarda son 3 il ərzində 90-dan çox yeni yaşayış massivinə “mavi yanacaq” verilib. Qazlaşdırma nəticəsində təbii qazla yeni təmin olunmuş əhali abonentlərinin sayı 207 min artaraq hazırda 2 milyon 300 mini ötüb. Yaşayış ərazilərinin qazlaşdırılması layihələri çərçivəsində 6 min kilometrdən çox müxtəlif diametrli qaz xətlərin çəkilib. Dövlət dəstəyi ilə həyata keçirilmiş qazlaşdırma tədbirləri nəticəsində ölkə ərazisində əhali sektorunun qazlaşdırılması səviyyəsi 96 faizi ötüb. Azərbaycanda qazlaşdırma səviyyəsi və qazlaşdırma surəti qonşu ölkələrdəki və bir sıra inkişaf etmiş ölkələrdəki göstəricilərdən daha yüksək olub.
“Kommunal xidmətlərlə bağlı Strateji Yol Xəritəsinə uyğun olaraq əhalinin qaz təchizatının yaxşılaşdırılması və bütöv növ qaz itkilərinin azaldılması məqsədilə son 3 ildə ümumilikdə 2 min kilometrdən çox qaz xətti yenidən qurulub. Bu tədbirlər nəticəsində qaz itkiləri əhəmiyyətli dərəcədə azalıb, fasiləsiz və dayanıqlı qaz təchizatı təmin olunub. Müştəri məmnuniyyətinin təmin olunması, müştərilərə göstərilən xidmətlərin keyfiyyətinin artırılması, şəffaflığın təmini məqsədilə Bakı şəhərində və regionlarda fəaliyyət göstərən “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində qaz təchizatı ilə bağlı 21 növ xidmət göstərilir. Bu xidmətlərin elektronlaşması istiqamətində işlər aparılır. Əməliyyat səmərəliliyinin artırılması və müasir idarəetmə prinsiplərinin tətbiqi məqsədilə qaz təsərrüfatının müxtəlif istiqamətləri üzrə ISO 9001 keyfiyyətin idarə olunması sisteminin tətbiqi uğurla davam etdirilir. Müştərilərdən daxil olan müraciətlərə və çağırışlara operativ baxılması və tədbirlərin görülməsi üçün 104 saylı Çağrı mərkəzi yeni formatda, müasir informasiya-kommunikasiya texnologiyalarından və avtomatlaşdırılmış elektron proqram təminatından istifadə etməklə öz fəaliyyətini davam etdirir. Dövlət qayğısı ilə əhatələnmiş şəhid ailələrinin və Qarabağ müharibəsi iştirakçılarının sosial rifahının daha da yüksəldilməsi üçün onların yaşadıqları fərdi yaşayış evlərinin “Azəriqaz” İB-nin daxili imkanları hesabına qazlaşdırılması işləri geniş vüsət alıb. Yaxın perspektivə əsas hədəflərimiz “Azəriqaz” İB tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi, müştəri tələblərinin maksimum təmin olunması, qaz təchizatı şəbəkəsinin müasir standartlara uyğun olaraq modernizasiyası, əməliyyat səmərəliliyini artıran müasir texnika və texnologiyaların tətbiqi, idarəetmə prinsiplərinin təkmilləşdirilməsindən ibarətdir”, - deyə T.Cəfərov qeyd edib.