ELM VƏ TƏHSİL
Azərbaycanda yer elmləri sahəsində ötən il 41 mövzu üzrə tədqiqatlar aparılıb
Bakı, 16 yanvar, AZƏRTAC
Yanvarın 16-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yer Elmləri Bölməsinin ilk iclası keçirilib.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, iclasda Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov 2017-ci ildə bölmədə fundamental və tətbiqi elmi tədqiqatların inkişaf etdirilməsi, respublikada və dünyada yer elmləri sahəsində müasir tədqiqatların vəziyyətinin analizi və proqnozu, elmi institutlarla tədris müəssisələri arasında əlaqələrin gücləndirilməsi, həmçinin beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində əməli işlərin görüldüyünü diqqətə çatdırıb. Qeyd edib ki, hesabat ilində dövlətimizin başçısı tərəfindən imzalanmış “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı” və “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Fərmandan irəli gələn vəzifələr və digər rəsmi sənədlər çərçivəsində tədbirlər həyata keçirilib.
F.Qədirov hesabat ilində bölmənin institutlarında 14 problemi əhatə edən 41 mövzu üzrə tədqiqatların aparıldığını, 7 mühüm nəticənin əldə olunduğunu deyib. Alim 2017-ci ildə bölmənin müəssisələrinin əməkdaşları tərəfindən “Biogeokimyəvi rayonlaşdırma və Azərbaycan əhalisinin sağlamlığının regional proqnozlaşdırılması”, “Azərbaycanın günəş enerjisi atlası” və “Geomexanikanın fənlərarası problemlərinin nəzəri və eksperimental tədqiqatlar kompleksi” multidisstiplinar elmi-tədqiqat proqramlarının icrasının başa çatdırıldığını deyib. Akademik ötən il bölmə institutlarının Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu, SOCAR-ın Elm Fondu, “Azərkosmos” ASC, Ukrayna Elmi-Texnologiya Mərkəzi və UNESCO-dan qrantlar aldığını söyləyib. O, 2017-ci ildə bölmənin alimləri tərəfindən 16 monoqrafiya və kitabın, 299 məqalə və 100 tezisin çap olunduğunu vurğulayıb.
Alim XX əsrin çağırışlarını və dövlətimizin başçısının elm qarşısında qoyduğu prioritetləri rəhbər tutaraq yaxın illərdə Azərbaycanda yer elmləri sahəsində tədqiqatların davam etdiriləcəyini bildirib.