REGİONLAR
Azərbaycanın 10-dan çox rayonunda nar bitkisinin yerli xalq seleksiyası sortlarının koordinatları xəritələşdirilib
Göyçay, 2 noyabr, Adil Ağayev, AZƏRTAC
Noyabrın 2-də Göyçayda “Nar bitkisi və məhsullarının multidissiplinar problemləri” mövzusunda respublika elmi-praktik konfransı keçirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konfransda AMEA-nın prezidenti, akademik Akif Əlizadə, kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov, Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsakzai, BMT-nin Ərzaq Təşkilatının (FAO) Azərbaycan nümayəndəliyinin rəhbəri xanım Mələk Çakmak, AMEA-nın həqiqi və müxbir üzvləri, hökumət və təşkilat nümayəndələri iştirak edirlər.
Elmi-praktik konfransda bildirilib ki, AMEA ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının birgə əməkdaşlığı nəticəsində ilk dəfə olaraq Azərbaycanın 10-dan çox rayonunda nar bitkisinin yerli xalq seleksiyası sortlarının koordinatları xəritələşdirilib. Narın respublika üzrə yayılması GIS sistemi ilə öyrənilərək bioekologiyası təhlil edilib, kolleksiyalarda olan nar sort və formalarının müasir üsullarla genetik müxtəlifliyi tədqiq edilərək genetik pasportlaşdırılıb.