SİYASƏT
Azərbaycanın Əfqanıstandakı sülhməramlı əməliyyata, quruculuq işlərinə töhfələri yüksək qiymətləndirilib
Bakı, 31 oktyabr, AZƏRTAC
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ABŞ müdafiə nazirinin müavininin köməkçisi Maykl Karpenter ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə iki ölkə arasında müdafiə, terrorizmə qarşı mübarizə və sülhməramlı əməliyyatlar sahəsində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.
Maykl Karpenter ölkəsi tərəfindən Azərbaycanın Əfqanıstandakı sülhməramlı əməliyyata, eləcə də bu ölkədə aparılan quruculuq işlərinə verdiyi töhfələrinin, ABŞ və digər müttəfiqlər üçün təmin etdiyi tranzit imkanlarının yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.
Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi haqqında məlumat verib. Nazir qeyd edib ki, Ermənistan münaqişənin həllinə mane olur və müxtəlif təxribatlara əl atır.
Səmimi şəraitdə keçən görüşdə, həmçinin Azərbaycan-ABŞ əlaqələrinin gələcək perspektivləri və regional məsələlər müzakirə olunub.