SİYASƏT


Azərbaycanın Los-Ancelesdəki baş konsulu ermənipərəst konqresmenlərin məqaləsinə cavab verib

Bakı, 12 fevral, AZƏRTAC

Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev ermənipərəst mövqeləri ilə seçilən ABŞ konqresmenləri Adam Şif (Adam Schiff) və Cəki Spierin (Jackie Speier) bu yaxınlarda dərc etdirdikləri, Azərbaycanı hədəf alan, saxta məlumatlarla dolu və qərəzli məqaləyə cavab verib. Baş konsulun cavab məqaləsi fevralın 11-də ABŞ-ın “Medium” portalında dərc olunub.

Baş konsulluqdan AZƏRTAC-a bildiriblər ki, “Konqres üzvləri Azərbaycan-Ermənistan münaqişəsini deyil, sülhü təşviq etməlidirlər” sərlövhəli məqalədə baş konsul N.Ağayev Ermənistanın Azərbaycana qarşı təcavüz, işğal və etnik təmizləmə siyasəti, Xocalı soyqırımı haqqında geniş məlumat verib.

Ermənistanın son illərdə təxribatçı əməlləri barədə danışan baş konsul, ötən il sentyabrın 27-də Ermənistanın Azərbaycana qarşı qəfil hücuma keçdiyini bildirib, 44 günlük müharibə nəticəsində Azərbaycanın öz torpaqlarını işğaldan azad etdiyini və ölkəmizin suveren sərhədlərinin bərpa olunduğunu deyib.

Müharibə zamanı döyüş meydanında məğlubiyyətə uğrayan Ermənistanın uşaqlar da daxil olmaqla, mülki Azərbaycan vətəndaşlarını hədəfə alaraq vəhşi hərbi cinayətlər törətdiyini qeyd edən baş konsul “Human Rights Watch” və “Amnesty International” kimi beynəlxalq təşkilatların hesabatlarına əsaslanaraq konkret faktları diqqətə çatdırıb. Həmçinin Ermənistanın Yaxın Şərqdən terrorçuları və Avropadan islamofob faşist qüvvələri Azərbaycana qarşı hərbi əməliyyatlara cəlb etdiyini vurğulayıb.

Bütün bunların fonunda baş konsul N.Ağayev sözügedən konqresmenlərin bütün bu illər ərzində Ermənistanın işğalçı siyasətini, törətdiyi ağır cinayətləri, Xocalı soyqırımını, Qarabağdakı Azərbaycan mədəni irsini məhv etməsini, məscidləri donuzxanaya çevirməsini nə üçün bir dəfə də olsun pisləmədiklərini sual edib. Həmçinin bu konqresmenlərin azərbaycanlıların işğal altında olan evlərinin dağıdılmasını, kənd və şəhərlərimizin tamamilə yer üzündən silinməsini, bütün ərazilərin minalanmasını və hazırda Ermənistanın mina xəritələrini Azərbaycanla paylaşmaqdan imtina etməsini nəyə görə susqunluqla qarşıladıqlarını soruşub.

Azərbaycan ilə ABŞ-ın sıx tərəfdaşlıq münasibətlərinin olduğunu və hər iki ölkənin bir sıra sahələrdə uğurla əməkdaşlıq etdiyini bildirən diplomat ABŞ-ın milli maraqlarını deyil, yalnız öz etnik maraqlarını güdən, öz maksimalist milliyyətçiliyi ilə Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsinə daim mane olmağa çalışan radikal erməni lobbisinin ABŞ xarici siyasətinə təsir göstərmək cəhdlərinin qətiyyətlə rədd edilməsinin zəruriliyini bildirir.

Sonda N.Ağayev hazırda Azərbaycan ilə Ermənistan arasında nəqliyyat kommunikasiyalarının açılması üzərində işin aparıldığını, bunun davamlı sülh üçün vacibliyini qeyd edərək bildirir ki, bütün bunların fonunda Konqres üzvləri münaqişəni uzatmaqla deyil, əldə edilmiş sülhü gücləndirməklə məşğul olmalıdırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.