İQTİSADİYYAT
Azərbaycanın Ukraynadakı səfiri bu ölkənin tanınmış iş adamları ilə görüşüb
Kiyev, 16 dekabr, AZƏRTAC
Azərbaycanın Ukraynadakı səfiri bu ölkənin tanınmış iş adamları ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev Azərbaycanda biznesin bütün sahələrinə göstərilən dövlət dəstəyi, xarici investorlar üçün münbit şəraitin yaradılması barədə məlumat verib.
Ukraynalı iş adamlarını Azərbaycanla biznes əlaqələrini qurmağa çağıran səfir qeyd edib ki, son bir ildə ölkələrimiz arasında mal dövriyyəsi 30 faiz artıb.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan A.Xudiyev bildirib ki, Azərbaycanın torpaqlarının bir hissəsinin işğal altında olması ölkə iqtisadiyyatının inkişafına mənfi təsir göstərir.
Qeyd edək ki, CEO Club Ukraine, Ukraynanın və beynəlxalq şirkətlərin inkişaf, ünsiyyət və əməkdaşlıq üçün ilk şəxslərini birləşdirən əsas biznes klubudur.
Klubun bütün fəaliyyəti ünsiyyət və qarşılıqlı əlaqə, bütün klub üzvlərinin inteqrasiyası, fərdi və biznes inkişafı imkanları və təcrübə mübadiləsi üçün etimad mühitinin formalaşdırılmasına yönəlib. CEO Club Ukraine, hər il 100-dən çox müxtəlif formatda tədbirlər keçirir.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev