ELM VƏ TƏHSİL
Azərbaycanın antik dövr keramikası haqqında kitab-albom nəşr olunub
Bakı, 17 dekabr, AZƏRTAC
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya elmi fond şöbəsinin böyük elmi işçisi tarix üzrə fəlsəfə doktoru Laçın Mustafayevin müəllifliyi ilə “Azərbaycanın antik dövr keramikası. Oynoxoyyalar” adlı kitab-albomu nəşr olunub.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib.
Kitab-albomda Qafqaz Albaniyasının eramızdan əvvəl I minilliyin ortalarından etibarən antik yunan mədəniyyəti ilə formalaşan münasibətlərindən və bu münasibətlər zəminində antik dünyanın maddi mədəniyyətimizin keramika sahəsinə olan təsirindən bəhs edilir.
Azərbaycanın Qəbələ, Şəmkir, Mingəçevir, Şamaxı, İsmayıllı, Ağsu və digər rayonlarında izlənilən antik və son antik-erkən orta əsrlərə aid arxeoloji abidələrindən əldə edilən faktlara əsasən oynoxoyyaların təyinatı, xüsusiyyətləri, fərqli quruluşda müşahidə edilməsinin səbəbləri araşdırılıb və bu tip qabların Qafqaz Albaniyasının ərazisində yaranma və yayılması kimi nüansları yenidən nəzərdən keçirilərək daha dolğun elmi nəticələr əldə olunub. Eyni zamanda, bu tip qabların antik dünya mədəniyyətinin əhatə etdiyi müxtəlif ölkələrə və coğrafi regionlara aid nümunələri ilə analogiyası aparılıb.
Mövzunun araşdırılması Qafqaz Albaniyasının maddi mədəniyyətinin, mədəni, iqtisadi, siyasi, ümumilikdə beynəlxalq münasibətlərinin, o cümlədən dövlətçilik tarixinin öyrənilməsində müstəsna əhəmiyyət kəsb edir.