ELM VƏ TƏHSİL
Azərbaycanın arxeoloji turizm perspektivləri
Bakı, 2 iyun, AZƏRTAC
Ölkəmizdə arxeoturizmin inkişaf etdirilməsi üçün bir neçə istiqamətdə fəaliyyət göstərmək olar. Bunun üçün uzunmüddətli tədqiqatlar nəticəsində üzə çıxan və böyük əhəmiyyət kəsb edən abidələrin ətrafında müəyyən kiçik infrastrukturlar yaratmaqla buraya turistləri cəlb etmək mümkündür.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, bunu Arxeologiya və Etnoqrafiya İnstitutunun (AEİ) şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev deyib. Alim qeyd edib ki, Azərbaycanın müxtəlif bölgələrində arxeoloji qazıntılar aparılır və bu qazıntılar zamanı olduqca dəyərli materiallar üzə çıxır. Mütəxəssislər bir neçə dəfə arxeoloji qazıntılar aparılan ərazilərdə səyyar muzeylərin təşkil edilməsi, turistlərin birbaşa qazıntı aparılan ərazilərə aparılması təklifləri ilə çıxış ediblər. Arxeoloq əlavə edib ki, bu məqsədlə çox böyük maliyyə tələb edən layihənin əvvəlcədən hazırlanaraq gündəmə gətirilməsi vacibdir.
Şöbə müdiri vurğulayıb ki, bu layihələrin mütəxəssislərlə razılaşdırılmaq şərtilə, AEİ və Mədəniyyət Nazirliyinin rəyi əsasında yerli icra strukturları tərəfindən gerçəkləşdirilməsi məqsədəuyğundur: “Bölgələrin icra strukturlarını bu işə cəlb etməklə, yaxud büdcədənkənar mənbələrdən vəsaitlər əldə etməklə həmin bölgələrdə aşkar olunmuş, öyrənilmiş arxeoloji abidələrin ətrafında bu işlərin həyata keçirilməsi mümkündür”.
Onun sözlərinə görə, son illərin təcrübəsi göstərir ki, turistlər daha çox mahiyyət etibarilə maraqlı olan abidələri ziyarət edirlər. Turistlərin abidə ilə tanış olması üçün maraqlı ekspozisiya təşkil olunmalı və həmin ərazilərdə onların istirahətinin təşkil olunması üçün minimum tələblər reallaşdırılmalıdır.
Arxeoloji abidələrin ətrafında kiçik muzeylərin təşkil edilməsinin də böyük səmərə verəcəyini vurğulayan F.Quliyev bu layihənin həyata keçirilməsinin ciddi və önəmli vəzifə kimi icra strukturlarının qarşısında dayandığını deyib.