CƏMİYYƏT
Azərbaycanın diplomatik xidmət orqanlarının yubileyi münasibətilə Seulda ağacəkmə mərasimi keçirilib
Pekin, 19 oktyabr, AZƏRTAC
Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illik yubileyi münasibətilə Seul şəhərində çoxsaylı diplomatik missiyaların yerləşdiyi Birləşmiş Millətlər Şəhərciyi (UN Village) ərazisindəki Deoksodanq parkında ağacəkmə mərasimi keçirilib.
Azərbaycanın Seuldakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, mərasimdə səfirliyin əməkdaşları, bu ölkədə çalışan və təhsil alan soydaşlarımız, eləcə də Deoksodanq parkının aid olduğu Yonqsan rayon meriyasının nümayəndələri iştirak ediblər.
Səfir Rəmzi Teymurov iştirakçıları yubiley münasibətilə təbrik edərək, Azərbaycan diplomatiyasının yaranma tarixi, hazırkı fəaliyyət istiqamətləri və əldə etdiyi uğurlardan bəhs edib. O, həmçinin müasir dövrdə rəsmi diplomatiya ilə yanaşı, ictimai diplomatiyanın əhəmiyyətini vurğulayıb və bu baxımdan Koreyadakı hər bir azərbaycanlının böyük missiya daşıdığını bildirib.
Parkda Azərbaycan diplomatiyasının 100 illiyi münasibətilə şam ağacı əkilib və müvafiq xatirə lövhəsi yerləşdirilib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin