İQTİSADİYYAT
Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı Körfəz ölkələrinin adları açıqlanıb
Bakı, 18 oktyabr, AZƏRTAC
Yanvar-sentyabr aylarında Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı Körfəz ölkələri sırasında ilk üçlükdə İran, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Səudiyyə Ərəbistanı qərarlaşıb.
AZƏRTAC Dövlət Gömrük Komitəsinin məlumatına istinadla xəbər verir ki, hesabat dövründə ölkəmizin İranla ticarət dövriyyəsinin dəyəri 293,2 milyon ABŞ dolları, BƏƏ ilə 33,8 milyon dollar, Səudiyyə Ərəbistanı ilə 14,6 milyon dollar olub. Hər üç ölkə ilə ticarət dövriyyəsi 2020-ci ilin müvafiq dövrünə nisbətən artıb.
Bu ölkələr, eyni zamanda, Azərbaycanın ən çox məhsul idxal etdiyi Körfəz ölkələri sırasında da ilk üçlükdədir. İrandan idxalın dəyəri 272,2 milyon dollar, BƏƏ-dən 23,6 milyon dollar, Səudiyyə Ərəbistanından isə 11,5 milyon dollar təşkil edib. Hər üç ölkə ilə idxal əməliyyatları artıb.