MƏDƏNİYYƏT
Azərbaycanın gənc musiqiçiləri Vokalçıların Müslüm Maqomayev adına Beynəlxalq Müsabiqəsində iştirak edəcəklər VİDEO
Moskva, 20 oktyabr, AZƏRTAC
“Vokalçıların Müslüm Maqomayev adına IV Beynəlxalq Müsabiqəsinin Azərbaycandan olan iştirakçılarının maraqlı, mənim üçün çox gözlənilməz olan repertuarı, fikrimcə sizin üçün də sürpriz olacaq”.
SSRİ Xalq Artisti, Rusiya Böyük Teatrının solisti, müsabiqənin münsiflər heyətinin əvəzsiz sədri Tamara Sinyavskaya bu sözləri Moskvada mətbuat konfransında söyləyib. O qeyd edib ki, müsabiqənin laureatları adı uğrunda 12 ölkədən – Azərbaycan, Argentina, Gürcüstan, Misir, İsrail, İtaliya, Qazaxıstan, Çin, Monqolustan, Rusiya, Ukrayna və Xorvatiyadan olan 19 iştirakçı mübarizə aparacaq. Gənc artistlər məşhur klassik ariyalar, neopolitan mahnıları və estrada əsərlərini ifa edəcəklər.
Müsabiqə iştirakçıları arasında Azərbaycanın iki nümayəndəsi var. Onlardan biri Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məzunu, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının, “ÜNS” Yaradıcılıq Səhnəsinin solisti İlham Nəzərovdur (kontrtenor). İlham AZƏRTAC-ın müxbirinə müsahibəsində deyib ki, hələ uşaq yaşlarından Müslüm Maqomayevin ifasını böyük maraqla dinləyirdi: “Müslüm Maqomayev mənim kumirim idi. Onun yaradıcılığına marağım sonda mənim özümü də bu aləmə gətirdi. Çox ümid edirəm ki, bu nüfuzlu müsabiqədə Azərbaycanı layiqincə təmsil edəcəyəm”.
Müsabiqənin Azərbaycandan olan digər iştirakçısı, beynəlxalq müsabiqələr laureatı Məhərrəm Hüseynli də (bariton) Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məzunudur.
Vokalçıların builki müsabiqəsinin münsiflər heyətinin tərkibinə Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Moskvadakı “Helikon-opera” Musiqili Teatrının bədii rəhbəri Dmitri Bertman, San-Karlo (İtaliya) Opera Teatrının bədii rəhbəri Vinçentso de Vivo və başqa məşhur musiqiçilər daxildir.
Oktyabrın 22-23-də keçiriləcək beynəlxalq müsabiqənin yarımfinalı Moskvadakı “Vegas City Hall” konsert salonunda, müsabiqənin finalı isə ənənəyə görə Rusiya paytaxtının ən iri konsert salonu olan “Crocus City Hall”da olacaq.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva