MƏDƏNİYYƏT


“Azərbaycanın görkəmli bəstəkarları” fotoalbomu təqdim edilib

Bakı, 18 sentyabr (AZƏRTAC, Türkan Abdullayeva). Sentyabrın 18-də Milli Musiqi Günü münasibətilə Üzeyir Hacıbəylinin ev-muzeyində tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, muzeyin direktoru Sərdar Fərəcov Üzeyir Hacıbəylinin adı ilə bağlı olan bu gün münasibətilə hər il bir sıra tədbirlərin təşkil edildiyini vurğulayaraq, dahi bəstəkarın 27 il yaşadığı evdə keçirilən bu tədbirin də həmin silsilədən olduğunu söyləyib.

Görkəmli bəstəkarın musiqi, incəsənətlə yanaşı, həm də müxtəlif sahələrdə xidmətlərinin əvəzsiz olduğunu söyləyən natiq vurğulayıb ki, o Azərbaycan musiqisini bütün dünyaya tanıdıb.

Sonra yeni nəşr olunan “Azərbaycanın görkəmli bəstəkarları” fotoalbomu təqdim edilib. Fotoalbom “Gəmiqaya” elm və təhsil mərkəzi tərəfindən hazırlanıb.

Tədbirdə mərkəzin rəhbəri Əli İbrahimbəyli çıxış edərək 1995-ci ildən dövlət səviyyəsində qeyd olunan Üzeyir musiqi günü münasibətilə tədbir iştirakçılarını təbrik edib. Vurğulayıb ki, Azərbaycan musiqisini dünyaya tanıdan görkəmli bəstəkarları öyrənmək baxımından bu cür albomlara ehtiyac var.

Diqqətə çatdırılıb ki, iki ilə ərsəyə gələn fotoalbom Azərbaycan Bəstəkarlar İttifaqının yardımı, həmçinin arxiv və mədəniyyət müəssisələrindən toplanmış fotolar əsasında hazırlanıb. Albomda fotolarla yanaşı, yığcam məlumatlar da verilib.

Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin Qarabağ filialının sədri, ədəbiyyatşünas, şair Ənvər Əhməd Üzeyir Hacıbəyliyə ithaf etdiyi şeirini söyləyib.

Xəzər Universitetinin kamera ansamblı, Qara Qarayev adına 8 nömrəli musiqi məktəbinin kvinteti və digər musiqi məktəbləri şagirdlərinin ifasında səslənən Üzeyir Hacıbəylinin və digər bəstəkarların əsərləri alqışlarla qarşılanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.