REGİONLAR
Azərbaycanın ilk qadın metallurqu Zəminə Həsənovanın adı Sumqayıtın küçələrindən birinə veriləcək
Sumqayıt, 15 mart, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıt şəhərinin küçələrindən birinə Azərbaycanın ilk qadın metallurqu Zəminə Həsənovanın adı veriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Sumqayıt şəhər Tarixi Muzeyində SSRİ-nin Sosialist Əməyi Qəhrəmanı, Sumqayıtın fəxri vətəndaşı və Azərbaycanın ilk qadın metallurqu Zəminə Həsənovanın 100 illik yubileyinə həsr olunan tədbirdə bildirilib.
Şəhərin tikilib-qurulmasında fədakarlıq nümunəsi göstərən Zəminə Həsən qızı Həsənova 1918-ci il mayın 10-da Sumqayıtda, indiki Corat qəsəbəsində anadan olub. O, əmək fəaliyyətinə Sumqayıt Elektrik Stansiyasında başlayıb. Böyük Vətən müharibəsi illərində Bakının vətəndaş müdafiəsi sistemində fəaliyyət göstərib. Müharibədən sonra əmək fəaliyyətini "Boruprokat” zavodunda operator kimi davam etdirib. Daha sonra briqadir vəzifəsində çalışıb.
O, “Lenin” ordeni, Sosialist Əməyi Qəhrəmanı adı və "Oraq və Çəkic" qızıl medalı təltif edilib. 1969-cu ildə isə Sumqayıtın fəxri vətəndaşı adına layiq görülüb.
Zəminə Həsənova Azərbaycanın ictimai həyatında da fəal iştirak edib. Dəfələrlə Sumqayıt Şəhər İcraiyyə Komitəsinin deputatı seçilib, VI çağırış SSR Ali Sovetinin deputatı olub. O, 2006-cı ildə Sumqayıt şəhərində vəfat edib və yaşadığı binaya xatirə lövhəsi vurulub.